Sergey Belovun "Mamulya" pyesi əsasında qoyulmuş "Salam, mən sizin.....qayınananızam!" tamaşası yeni mövsümdə Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
   
   Nümayişi oktyabr ayına nəzərdə tutulan pyesin qəhrəmanı Nina çoxdandır ki biznesmen Jenya ilə yaşayır və onun qanuni arvadı olmağı arzulayır. Nəhayət, Jenya razılaşır, amma bir şərtlə: o gələcək qayınanası ilə tanış olmaq istəyir... Nina təşvişə düşür: onun sevimli anası artıq bir ildir ki, sürgündədir... Nə isə etmək lazımdır, bəlkə bu qəhrəmanımızın son şansıdır. Nina çıxış yolu tapır: o, bir aktyor tanışından (Vladimir Dolinski) gələcək qayınana rolunu oynamağını xahiş edir. Kimin ağlına gələrdi ki, Ninanın əsl anası (Natalya Xoroxorina) vaxtından qabaq azadlığa qovuşacaq və aydın səmada ildırım kimi qızının qarşısına çıxacaq, hətta özüylə birlikdə ata - Vadim Andreyevi də gətirəcək.
   Komediyada hadisələrin orijinal inkişafı, zarafatlar, musiqi nömrələrinə yer verilib. Tamaşanın rejissoru Pyotr Balışkovdur. Rolları Vladimir Dolinski (Rusiyanın Əməkdar artisti), Anna Terexova (Rusiyanın Əməkdar artisti), Natalya Xoroxorina (Rusiyanın Əməkdar artisti), Vadim Andreyevi ("Kadetlər" serialı), Yuliya Zaxarova (“Birlikdə xoşbəxtik" serialının ulduzu - qonşu Lena), Pyotr Balışkov ifa edirlər.