Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə üç yeni səhnə əsəri təqdim edəcək
   
   Sentyabrın 15-də açılacaq teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da yeni səhnə əsərləri hazırlanacaq. 
   Teatr dekabr ayınadək sənətsevərlərə üç yeni tamaşa təqdim edəcək. Bunlar Uilyam Şekspirin “Romeo və Cülyetta”, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim”, Əli Əmirlinin “Sən məni sevirsən” tamaşaları olacaq. Tamaşalar hazır olandan sonra teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova yazıçı-dramaturq Elçinin “Buzovna kəndinin əhvalatları” əsərinə müraciət edəcək.
   Məlumat üçün bildirək ki, ”Mənim ağ göyərçinim” tamaşası 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Loğman Kərimov tərəfindən hazırlanıb və böyük uğurla nümayiş olunub. Həmin vaxt tamaşada xalq artistləri Gülşən Qurbanova, Solmaz Qurbanova, Əməkdar artist Naibə Allahverdiyeva, Rafiq Hüseynov, Vüsalə Məmmədova və Elnur Hüseynov çıxış edib. Lakin Gülşən Qurbanovanın vəfatından sonra tamaşa nümayiş olunmayıb. Bu mövsümdə isə “Mənim ağ göyərçinim” tamaşası Cənnət Səlimovanın quruluşunda oynanılacaq və əsərdə bəzi dəyişikliklər olacaq. Bütün tamaşaların məşqlərinə artıq başlanılıb.
   
   Yeganə