Sentyabrın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünə start verib. Mərasimdə giriş sözü ilə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yeni mövsümdə sənətsevərləri zəngin repertuar gözlədiyini deyib.
   
   Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinin açılışa təsadüf etməsini sevindirici hal kimi qiymətləndirən direktor, bəstəkarın xatirəsinə təşkil olunan Beynəlxalq musiqi festivalının önəmini vurğulayıb.
   Sonra teatrsevərlərə Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon), aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Güşvər Şərifova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.
   Həmin gün teatr balaca tamaşaçıları da unutmayıb. Yaradıcı kollektiv Blangi Marvinin “Yatmış gözəl” adlı iki hissəli nağıl-tamaşası ilə kiçik tamaşaçılarını sevindirib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Sevinc Həsənovadır, musiqi tərtibatı İnşallah Hüseynova, tryukların quruluşu İsa Əsədova məxsusdur.