Tamaşanın son məşqləri gedir
   
   Dövlət Gənc Tamaşaçılar Teatrında gərgin məşq prosesi gedir. Teatrda ilk dəfə olaraq məşhur ingilis yazıçısı Çarlz Dikkensin «Oliver Tvistin macəraları» əsəri səhnələşdirilir. Noyabrın 10-da tamaşaçılara təqdim ediləcək səhnə əsərinin hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamları Fuad Qafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. O həm də tamaşada rolların birini ifa edir. Böyük aktyor ansamblının yer aldığı səhnə əsərində xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova və digərləri iştirak edirlər.
   
   «Emosiya deyil, fikri çatdırın»
   
   Səhnə əsərinin son məşqlərinə baxmaq üçün teatra yollandıq. Tamaşanın bütün heyəti zalda idi. Qızğın müzakirə isə personajların geyimləri ilə bağlı idi. Yaradıcı heyətin geyimlərdən o qədər razı qalmadığı hiss olunurdu. Geyimlərin bir qismi uyğunsuz biçilmişdi. Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədovun isə çox həyəcanlı olduğu aşkar sezilirdi. Rejissor ilk dəfə tamaşaya qoyulan əsərin həyəcanını yaşayırdı. Gərgin vəziyyətdə olan rejissor bir şəkli dəfələrlə məşq elətdirdi, bəzi aktyorları işə məsuliyyətsiz yanaşmaqda, digərini də məşqdən sonra oynayacağı rol haqqında düşünməməkdə günahlandırdı. Buna baxmayaraq, aktyorlar məşqlərinə yumor qatmaqla rollarını maraqlı ifa etməyə çalışırdılar.
   V.Əsədov isə aktyorlara tez-tez bir məqamı xatırladırdı: “Mənə emosiyadan daha çox fikri çatdırmaq lazımdır. Əsas fikirdir - bunu yadda saxlayın».
   Səhnə əsərində əsas qəhrəmanlardan biri Fedjindir. Daha dəqiq desək, əsas mənfi qəhrəmanlardan biri. Fedjin rolunu ifa edən Ağaxan Salmanlı deyir ki, real həyatda bu obrazın prototipləri çoxdur: «Dikkensin bu əsəri çox məşhurdur. Həyatda elə insanlar olur ki, kimsəsiz uşaqları himayəsinə götürmək əvəzinə, onlardan pul qazanmaq üçün istifadə edirlər. Onları dilənməyə və digər işlərə məcbur edirlər. Nəticədə insan alveri kimi problemlər ortaya çıxır. Dikkensin bu romanında isə balaca uşaqları oğurluğa istiqamətləndirir və onlar vasitəsilə pul qazanırlar. Onlar şəhərin zirzəmilərində, xarabalıqlarda məskunlaşmış uşaqlardır. Uşaqları bu işə cəlb edənlərin başçısı Fedjindir. O, mənəviyyatsız insandır. Heç bir uşağın taleyi onu maraqlandırmır. Oliver isə bəxti gətirməyən bir uşaqdır. Doğulanda anası ölüb. Kimsəsizlər evində qalır. Onun ruhunda isə təmizlik var. Ona görə də pis şəraitə heç cür uyğunlaşa bilmir. Buna görə də onu uşaq evindən rədd edirlər. London kimi böyük şəhərdə avara qalır. Fedjinin yetirmələrindən birinə - Cekə rast gəlir. Sonda oğruların bandası tutulur, dar ağacından asılırlar. Asılanlar içində Fedjin də var. Uşaqlar isə sərbəst buraxılırlar. Hər kəs artıq öz həyatını yaşamalıdır”.
   A.Salmanlı deyir ki, daha öncə də rejissor V. Əsədovla quruluş verdiyi tamaşalarda rol alıb: “Aktyorun 60 il iş təcrübəsi olsa belə, yenə çox şey rejissordan asılıdır».
   Tamaşanın digər mənfi obrazı isə Mister Bambldır. O da Fedjin kimi kimsəsiz uşaqların halına acımaq əvəzinə, onlardan istifadə edir. Mister Bambl obrazını Yasin Qarayev canlandırır. Aktyor deyir ki, tamaşa üçün lazım olan hər şey artıq hazırdır və səhnə əsəri çox maraqlı olacaq: «Tamaşanın son məşqləri gedir. Geyimlərimiz zəngindir. Tamaşanın təəssüratı da gözəl olacaq. Bilirsiniz ki, «Oliver Tvistin macəraları» İngiltərədə baş verən hadisədən bəhs edir. Yetim, kimsəsiz uşaqlar haqqında olan bir əsərdir. O dövrdə İngiltərədə Məhəllə Şurası olub. Mister Bamblın isə həmin şurada vəzifəsi olub. Bambl uşaqlardan istifadə edirdi. Onun simasında o dövrdə İngiltərədə kimsəsiz uşaqların başına gətirilən müsibətlər təqdim olunur. Bilirsiniz ki, Azərbaycanda uşaq evləri var və onlar dövlət qayğısı ilə təmin olunublar. Bu gün bizdə o problem yoxdur. Teatra gələnlər Azərbaycanla o tamaşadakı baş verən hadisələr arasında nə qədər böyük fərq olduğunu anlayacaqlar».
   
   İnsanlığa yad personaj
   
   Tamaşada əsas mənfi qəhrəmanlardan biri də miss Manndır. Bu obrazı Leyli Vəliyeva ifa edir. Aktrisa bildirir ki, yaradıcılıq həyatında ilk dəfə belə rəzil bir qadının obrazını oynayır: «Mən hələ bu xarakterdə rol oynamamışam. Kimsəsiz uşaqlar evinin müdirəsi olan bu xanım bütün yeməkləri, pulu mənimsəyir və onlara heç nə vermir. Çox qəribədir ki, bu əslində müasir bir problemdir. İndi də belə insanlar var. Düzü, əsəri oxuyanda bu personaj mənə çox çətin gəldi. Deyirdim, görəsən, mən bu rolu oynaya biləcəyəm? Məşqlərdə isə artıq elə bildim ki, mən belə bir rol oynamışam. Miss Mann uşaqlara divan tutan, yetimlərə əzab verən bir xanımdır. Düzdür, sonda hər şeyi - işi, vəzifəsi, pulu əlindən alınır. Çox mürəkkəb bir roldur. İnsanlığa yad olan, rəzil bir personajdır».
   Qeyd edək ki, tamaşada Oliver rolunun ifaçısı Roza İbadova teatrın aktrisası deyil. Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan R.İbadova bu rolu ifa etmək üçün dəvət olunub. Oliverin dostu Diki isə 7-ci sinif şagirdi Fidan Abbasova oynayacaq.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar