Paytaxtımızda Beynəlxalq elmi-praktik konfrans və Çexov teatr festivalının “İpək yolu” mərhələsi keçiriləcək
Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin teatr sektorunun müdiri Naidə İsmayılzadədir.
- Noyabr ayında Bakıda keçiriləcək Cexov teatr festivalı mədəni ictimaiyyətin diqqət mərkəzindədir. Bu festival Azərbaycan tamaşaçısına, Azərbaycan teatrına nə verəcək? Ümumiyyətlə, Çexov teatr festivalının bir qolunun Azərbaycanda keçirilməsi ideyası necə yarandı?
- Respublikamızda yerli miqyasda bir çox teatr festivalları keçirilsə də, teatr sahəsi üzrə beynəlxalq festival ilk dəfə keçirilir. Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun adını daşıyan festival dünyada ən məşhur teatr festivallarından biridir. Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsüylə festivalın təşkilat komitəsi ilə əlaqə saxlanıldı və qərara alındı ki, Çexov festivalının bir qolu - “İpək yolu” adlı mərhələsi Azərbaycanda keçirilsin. Hesab edirəm ki, bu şəhərimizin mədəni həyatında böyük mədəniyyət hadisəsinə çevriləcək. Çünki dünyada məşhur olan üç teatr tamaşası - «Aureliyaının oratoriyası» (Fransa), «Yağış» (Kanada), «Toy» (Rusiya-Belarus) bu festivalda nümayiş olunacaq.
- Festivalda nümayiş olunacaq tamaşalar sırasında Kanadanın (Monreal) “Yağış” şou-tamaşasının olacağı barədə hələ bir neçə ay öncədən məlumat verilib...
- Bəli, İsveçrə əsilli rejissor, ssenarist, yazıçı, xoreoqraf, kloun və elə «Yağış»ın müəllifi və quruluşçusu Daniele Finzi Paskanın yaratdığı «Sunil» Teatrı və «Eluaz» Sirkinin aktyorlarının iştirak etdiyi «Yağış» yeni, müasir formalı tamaşadır. Ümidvarıq ki, bizim tamaşaçılar da onu maraqla qarşılayacaq.
- Festival neçə gün davam edəcək?
- Noyabrın 12-dən 30-a qədər.
Konfransda 30 dövlətdən 70-ə yaxın qonağımız olacaq
- Çexov festivalından əvvəl Bakıda beynəlxalq teatr konfransının keçirilməsi nəzərdə tutulur. Festivalla konfransın hər hansı bir bağlılığı varmı?
- Hər iki tədbir dövlət proqramı çərçivəsində keçirilir. Bildiyiniz kimi, ölkə başçısı Azərbaycan teatrının inkişafı ilə bağlı “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını imzalayıb və bizim həyata keçirdiyimiz bir çox tədbirlər, o cümlədən Çexov teatr festivalı və beynəlxalq konfrans da bu proqram çərçivəsindədir.
- Konfrans barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik?
- “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı beynəlxalq konfrans Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 9-10 noyabr tarixlərində keçiriləcək və müasir dövrün teatr problemlərinə həsr olunacaq. 30 dövlətdən 70-ə yaxın qonağımız olacaq. Amerika, Britaniya, Kanada, Fransa, Çin, Koreya, Sinqapur və başqa dövlətlərin ən tanınmış teatr xadimləri, Beynəlxalq Teatr İnstitutunun əməkdaşları, elm adamları, sənətşünaslar, teatrşünaslar, rejissorlar, xoreoqraflar Bakıya gələcəklər. Konfransımızın mövzusu: ”XXI əsrdə teatr, problemlər və perspektivlər”dir. Bu mövzuda sanballı məruzələr olacaq.
Konfrans çərçivəsində Amerikadan və Kanadadan gələn təlimçilərin iştirakı ilə 8 treninq keçiriləcək. Noyabrın 8-də Akademik Mili Dram Teatrında iki treninq - kanadalı təlimçi Mişel Vays və Piter Qoldfarb (ABŞ) “Teatr tənqidi”ndən, 11 noyabrda amerikalı Roberto Varea Gənc Tamaşaçılar Teatrında plastikadan, 12 noyabrda Rut Maqraff (ABŞ) vokal ifaçıları üçün Beynəlxalq Muğam Mərkəzində treninqlər keçəcəklər. Dramaturqlar, rejissorlar və teatrşünaslar üçün “Dramaturgiya”, “Müasir teatr alternativləri - yeni janrlar”, “Teatr geyimi”, “Teatr rəssamlığı” üzrə treninqlər də tanınmış mütəxəssislər tərəfindən həyata keçiriləcək. Beləliklə, bu treninqlərdə müxtəlif sahələr üzrə bütün teatrların nümayəndələri iştirak etmək imkanı qazanacaqlar.
- Yəqin ki, konfransda bizim sənətşünaslar da çıxış edəcəklər?
- Əlbəttə, konfransda bizim teatrşünaslar da çıxış edəcəklər. Şübhəsiz ki, biz də bu konfransa ev sahibi kimi qatılmalıyıq, teatrın problemlərinə, uğurlarına öz münasibətimizi bildirməliyik.
- Konfransın harada keçirilməsi nəzərdə tutulur?
- Akademik Milli Dram Teatrı artıq dünya standartlarına uyğun təmir-bərpadan sonra istifadəyə verilib və təmirdən sonra burada keçirilən ilk tədbir beynəlxalq teatr konfransı olacaq.
- Beynəlxalq konfranslar həm də tanışlıq xarakteri daşıyır...
- Bu konfransların keçirilməsinin ən müsbət cəhəti də odur ki, burada canlı ünsiyyət olacaq. Bakı şəhərinə təşrif buyurmuş teatrlar teatrşünaslarla, menecerlərlə, prodüserlərlə sıx əlaqə saxlayıb gələcək planlarını qura bilərlər.
- Yəqin ki, 2010-cu ilin noyabr ayı teatr ayı kimi yadda qalacaq.
- Bəli, həm 9-10 noyabrda keçiriləcək beynəlxalq konfrans, həm də ayın 12-dən 30-dək davam edəcək Beynəlxalq Çexov festivalı şəhərimizdə əsl teatr hadisəsinə çevriləcək və gələcəkdə daha irimiqyaslı tədbirlərin keçirilməsinə təkan verəcək. Çünki 2011-ci ildə Bakıda beynəlxalq kukla teatrı həftəsi, 2012-ci ildə UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun konqresinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirləri həyata keçirməklə gələcəkdə daha irimiqyaslı tədbirlərə doğru bir addım atmış olacağıq.
Təranə Vahid