Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında “Şəhrizad” baletinin quruluşu həyata keçirilir. Baletin quruluşu üzərində Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva və Ukraynanın Xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır.
Tamaşada əsas partiyanı - Şəhrizad rolunu teatrın aparıcı solisti, Əməkdar artist Kamilla Hüseynova və gənc ulduz Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərovdur.
Qeyd edək ki, 1888-ci ildə qələmə alınmış “Şəhrizad” simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun ən dəyərli simfonik əsərlərindən biri sayılır. Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur. Balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaq. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Marinin Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunub.