Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Premyerada iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti də Belarusa səfər edib. Tamaşanın nümayişində Belarusun mədəniyyət naziri Pavel Latuşko və digər rəsmilər iştirak ediblər. 
   
   Tamaşanın rejissoru Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, baletmeysteri Xalq artisti Mədinə Əliyeva, dirijoru Marina Tretyakovadır.
   Premyerada əsas partiyalar olan Gülçöhrə və Əsgəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri İnarə Babayeva və Fərid Əliyev ifa ediblər. Tamaşada həmçinin Belarusun Xalq artisti Nataliya Qayda, Əməkdar artist Vasili Serdyukov, Nataliya Dementieva, Andrey Morozov və digərləri iştirak ediblər.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Belarusun “Belta” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Bu məqsədlə Belarusla birgə kinofilmlər çəkiləcək, teatr və musiqi sənəti sahəsində geniş əməkdaşlıq əlaqələri qurulacaq. Nazir müavini vurğulayıb ki, Belarus səhnəsində “Arşın mal alan” tamaşasının yerli aktyorların da iştirakı ilə böyük uğurla nümayiş olunması mədəni əməkdaşlıq baxımından təqdirəlayiq haldır: “Belarus Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Dekabrın əvvəllərində Bakıda keçiriləcək Mstislav Rostroviç adına IV beynəlxalq musiqi festivalında Belarus nümayəndələri də iştirak edəcək”.
   
   * * *
   Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası noyabrın 26-27-də Pekindəki “Tianqiao” teatrında səhnəyə qoyulacaq. Operetta Çin Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Opera və Balet Teatrının, ölkəmizin Pekindəki səfirliyinin, Çin Mədəniyyət Nazirliyinin və Milli Operasının təşkilatçılığı ilə nümayiş etdiriləcək.
   Tamaşanın rejissoru Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tahir Tahirovdur. Xatırladaq ki, operetta Çində ilk dəfə 1959-cu ildə Pekindəki “Tianqiao” teatrında səhnəyə qoyulub.