Dahi Üzeyir bəyin dünyanı qarış-qarış gəzən operettası Belarus Dövlət Musiqili Teatrının repertuarına daxil edilib
   
   100 ilə yaxındır ki, Üzeyir bəyin “Arşın mal alan”ı dünyanı qarış-qarış gəzib dolanır. 100 ilə yaxındır ki, “Arşın mal alan” dilindən, milliyyətindən asılı olmayaraq hər kəsi heyrətləndirir. 100 ilə yaxındır ki, “Arşın mal alan”ın sirri nədədir sualı ortalığa çıxır. Sən demə, Üzeyir bəyin 1912-ci ildə Vətəndən uzaqda - Peterburqda yazdığı “Arşın mal alan” əsərinin sirri bəşəriliyindədir.
    
   Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti “Arşın mal alan”ın Minskdə keçirilən premyerasında iştirak edib. Nümayəndə heyətinin tərkibində olan sənətkarlarımız təəssüratlarını bizimlə bölüşdülər.
   
   “Üzeyir Hacıbəyli dühası dünyaya məxsusdur”

   
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət:
   - Əvvəlcə onu qeyd edim ki, il yarım bundan öncə Avropanın musiqi paytaxtı Vyanada (Avstriya) “Arşın mal alan” səhnəyə qoyulmuşdu. Bu, böyük bir hadisə idi. İndi də Belarusun paytaxtı Minskdə “Arşın mal alan” əsərinin səhnəyə qoyulması Üzeyir sənətinin yeni təntənəsidir. Belarus Dövlət Akademik Musiqili Teatrının səhnəsində Üzeyir bəyin “Arşın mal alan”ına baxa-baxa qürur hissi keçirirdim. Çünki Üzeyir bəyin dahiyanə əsərinə başqa bir millətin teatrında, səhnəsində, ağzınacan dolu olan bir zalda tamaşa edirdim. Hər beş dəqiqədən bir tamaşaçıların sürəkli alqışını eşidirdim, Belarus xalqının Azərbaycan musiqisinə olan məhəbbətinin, hörmətinin şahidi olurdum. Ümumiyyətlə, rəsmi şəxslərdən tutmuş, adi insanlara kimi bizə çox böyük hörmətlə yanaşdılar. Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyevin Azərbaycan mədəniyyətinin Belarusda layiqincə təbliği istiqamətində böyük işlər gördüyünün də şahidi olduq.
   Tamaşanın qoyuluşunda rejissor Hafiz Quliyev çox böyük zəhmət çəkib. “Arşın mal alan”da baş rolda iki aktyorumuz iştirak edirdi. Onlar öz gözəl ifaları ilə Azərbaycanın adını bir pillə də yüksəyə qaldırdılar. Belarusun aktyorlarına da əhsən, öz rollarını yüksək peşəkarlıqla oynayırdılar. Hər musiqi parçasından sonra alqışlar eşidilirdi.
   Onu da qeyd edim ki, orada olarkən “Arşın mal alan”la bağlı daha bir xoş xəbər eşitdik. “Arşın mal alan” Pekindəki “Tianqiao” teatrında səhnəyə qoyulacaq. Həmin tamaşaya da Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev quruluş verib. Bu xəbər bizi çox sevindirdi. Üzeyir bəyin keçən əsrin əvvəlində yazdığı əsər bu gün bütün dünyanı gəzirsə, bu o deməkdir ki, Üzeyir Hacıbəyli dühası tək bizə məxsus deyil, dünyaya məxsusdur, təkcə bizim Azərbaycan musiqi sənətinin klassiki deyil, o, dünya klassikidir.
   
   Təravəti heç vaxt itməyən əsər
   
   Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov:
   - Əsərin tamaşaya qoyulması Azərbaycan və Belarusun müştərək bir layihəsi idi. Tamaşa çox dinamik halda keçdi. “Arşın mal alan” 4 pərdəli bir əsərdir, onu iki hissəyə bölmüşdülər, iki hissə də çox uğurlu alınmışdı. Quruluşçu rejissor Hafiz Quliyevin işi çox gözəl idi. O, “Arşın mal alan”nı hər dəfə yeni, fərqli bir quruluşda hazırlayır. Bu da onun öz sənətinə ciddi yanaşmasından, həm də “Arşın mal alan”a vurğunluğundan irəli gəlir. Həm də “Arşın mal alan” elə bir əsərdir ki, təravəti heç vaxt itmir.
   Aktyorların oyunu da son dərəcə gözəl idi, tamaşa rus dilindədir, ancaq aktrisa “Xala sənə qurban” sözlərini Azərbaycan dilində elə şirin ləhcə ilə ifadə edirdi ki, canımıza yağ kimi yayılırdı.
   Tamaşanın quruluşçu rəssamı, belaruslu Lyubov Sidelnikova işinə son dərəcə diqqətlə yanaşmışdı. Azərbaycana olan sevgisi aydınca hiss olunurdu. O, səhnədə Bakının və Şuşanın elementlərini birləşdirərək gözəl bir tərtibat yaratmışdı. Orada Qız qalası da vardı, uzaqdan Gövhər ağa məscidinin minarələri də görünürdü.
   Baş rolları Opera və Balet Teatrının solistləri İnarə Babayeva və Fərid Əliyev yüksək məharətlə ifa edirdilər. Onların dublyorları olsa da, bizim şərəfimizə birinci tamaşanın baş rollarını azərbaycanlı sənətçilərə həvalə etmişdilər. Dirijor Marina Tretyakovanın gözəl işini də xüsusi qeyd etmək istəyirəm. Dünya teatrlarında nadir hallarda tamaşaları qadın dirijorlar idarə edirlər. Bu xanım öz işinin öhdəsindən məharətlə gəlirdi.
   Hər musiqi parçasından, hər gözəl bir məqamdan sonra tamaşaçılar səhnədəkiləri alqışlayırdılar. Üzeyir bəyin musiqisi işıq seli kimi ətrafa yayılırdı. Kostyumlar son dərəcədə milli koloritli biçimdə tikilmişdi. Tamaşada baletmeyster, Xalq artisti Mədinə Əliyeva gözəl Azərbaycan rəqsi qurmuşdu ki, bu da tamaşaya xüsusi rəng qatdı. Xatırladım ki, premyerada Belarusun mədəniyyət naziri, mədəniyyət nazirinin müavini, xarici işlər nazirinin müavini və çoxlu rəsmi şəxslər, eləcə də Belarusun mədəni ictimaiyyəti iştirak edirdi.
   Sevinirik ki, “Arşın mal alan” əsəri Belarus Dövlət Akademik Musiqili Teatrının repertuarına daxil edilib və artıq bir neçə tamaşanın biletləri əvvəldən satılıb. Bu fakt bir daha sübut edir ki, Üzeyir bəyin əsərləri, Üzeyir bəyin musiqisi həmişəyaşardır, bəşəridir.
   “Arşın mal alan”ın sirrinə gəldikdə isə, Sərdar Fərəcov bu əsərin sirrini belə açıqladı: “Üzeyir bəyin bütün əsərləri dahiyanədir. Amma “Arşın mal alan”da daha bir sirr gizlənir. Üzeyir bəy 1912-1913-cü illərdə əvvəl Moskvada, sonra Peterburqa təhsil alırdı. O, həmin şəhərlərdə opera tamaşalarına baxır, musiqiçilərlə görüşüb söhbət edirdi. Və bütün bunlar onun dünyagörüşündə inqilab yaradırdı. “Arşın mal alan” dünyəvi, bəşəri bir əsərdir, ona görə də bütün xalqlar üçün doğmadır və həmişə də belə olacaq”.
   
   Təranə Vahid