Fiziki qüsurlu, lakin fitri istedadlı insanların teatrda çalışması, operada çıxış etməsi mümkündürmü?
   
   Hər bir insan rahat, firavan və ən əsası, sağlam yaşamaq istəyir. Amma bu təbii istəkdən ömürlük məhrum olan, əlil insanlar da var. Fiziki qüsurları olan belə insanlar həyatda öz yerlərini tapmaqda, konkret sənətə yiyələnməkdə, yaxud istedad və peşə bacarıqlarını ifadə etməkdə çətinliklərlə üzləşirlər.
      
   Əlil insanlar arasında incəsənətə meylli, sənət qabiliyyətli olanlar az deyil. Amma onların heç də hamısı öz qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək imkanı əldə etmirlər. Bəziləri illərlə istedad və bacarıqlarını daxildə saxlamağa məcbur olurlar. Ölkəmizdə də fiziki qüsurları olmasına rəğmən incəsənətin müxtəlif növləri ilə, rəssamlıqda, musiqi ilə yaxından məşğul olan, tanınan insanlar var. Böyük istedad sahibi, Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu Zaur Rüstəmovu misal göstərmək olar.
   Gözdən əlil olsa da, ilahi vergi olan istedadına, qabiliyyətinə arxalanan Z.Rüstəmov əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Eyni zamanda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Gözdən Əlil uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin müəllimidir. Onun timsalında əlil insanların da bizdən biri olduğunu və onlara həyatda, sənətdə zəruri şərait yaradılmasının vacibliyini görürük.
   Fiziki qüsurları olan, amma sənətə məhəbbəti aşıb-daşan, istedadlı insanları teatr səhnəsində də görmək olar. Bəzi ölkələrdə əlil aktyorların iştirakı ilə nəinki teatr, hətta balet tamaşaları da oynanılır və bu hamını heyrətə gətirir. Bəs Azərbaycanda necə? Əlil, amma sənətçi kimi istedadlı insanları teatrlara cəlb edib, tamaşalar qoymaq mümkündürmü? Bu sualla bir neçə ünvana müraciət etdik.
   Öncə Nəsimi Rayon Əlillər Cəmiyyəti ilə əlaqə saxladıq. Cəmiyyətin eksperti Qəmər Əliyarova bildirdi ki, sağlamlığında qüsuru olan, lakin fitri istedadlı insanların teatra cəlb olunması çox önəmlidir: «Onların istedadları hər zaman bizə adi görünüb. Amma bu belə deyil. Əvvəlcə onu deyim ki, belə şəxslərdə düşünmə qabiliyyəti normal insanlardan daha güclüdür. Onların görmə qabiliyyəti də bizdən şəffaf və aydın olur».
   Q.Əliyarova onu da bildirdi ki, istedadlı olan, lakin bu istedadını göstərə bilməyən əlillər çoxdur. Çünki onlarda artıq müəyyən natamamlıq kompleksi yaranıb: «Bu kompleksə görə də öz istedadlarını insanlara nümayiş etdirməkdən çəkinirlər. Biz müntəzəm olaraq əlillər təşkilatlarına gedib, istedadları ortaya çıxarırıq. İstəyirik ki, onlar nə isə etsinlər. Əlil olduqlarını unutmaları üçün işlər görmək lazımdır. Əlilləri rəsm çəkmək, toxuma işlərinə cəlb etmək vacibdir. Bir qədər əvvəl Nəsimi rayon Əlillər Cəmiyyətində Fəxriyyə Xələfovanın rəhbərliyi ilə çox yaxşı layihə həyata keçirilmişdi. Uşaqlar öz əl işlərini hazırlamışdılar. Bu gün artıq belə istedadlı uşaqların teatra cəlb olunması lazımdır».
   Ekspertin sözlərinə görə, ən azından əlillər üçün dərnəklər yaradılmalıdır. Bu dərnəklərdə əlillərlə teatr mütəxəssisləri məşğul ola, tamaşalar səhnələşdirilə bilər. “Əsas məsələ belə istedadlı insanları üzə çıxarmaqdır. Teatrlar belə layihələrə qoşulsa, bunu alqışlayarıq. Çox xeyirli iş olar. Bizim teatrların tamaşalarında əlil rollarını sağlam aktyorlar ifa edirlər. Ən azından əlillər heç olmasa belə rollara cəlb oluna bilərlər. Bu daha məntiqli olar. Beləliklə, əlil insanlar da teatr səhnələrinə çıxmış olarlar. Biz gülməyi də, ağlamağı da bacarırıq. Amma şikəstliyi, zəlilliyi göstərə bilmirik. Bu əziyyəti çəkənlərə xüsusi aktyorluq bacarığı lazım deyil. Onlar bunu çox asan göstərəcəklər. Heç olmasa hər teatr 2-3 insana yer versə, savab olar. Bu işdə də müəyyən təbliğata, reklama ehtiyac var. Yəni bu iş qurulsa, onların telekanallarda da layihələrini həyata keçirmək mümkündür».
   Onu da qeyd edək ki, ölkəmizdə əlil insanların incəsənətə cəlb olunması məqsədilə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən layihələr də həyata keçirilir. Məsələn, “Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi 2006-ci ildən “Əlilliyi olan İnsanların İnteqrativ Tamaşalarının Festivalı” adlı layihə həyata keçirirlər. Hər dəfə də bu festivala yeni-yeni əlillər təşkilatlarını cəlb edirlər. Festivalın əsas məqsədi incəsənət vasitəsilə əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların müsbət imicinin formalaşdırılmasıdır. Bu yaxınlarda sözügedən təşkilatlar “Əlillik və incəsənət: uğura gedən yol” mövzusunda ustad dərsləri də təşkil etmişdilər.
   Ayrı-ayrı teatrların bu məsələyə münasibəti də maraq doğurur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa İsmayıloğlu isə bildirdi ki, teatr həm sağlam, həm də əlil insanlar üçün çox vacib incəsənət sahəsidir. Əlillərin teatrlarda çalışmasına gəlincə isə, onların sağlam aktyorlarla çiyin-çiyinə çalışması qeyri-mümkündür: «Teatra baxmaq hər bir insan üçün vacibdir. İstər əlil, istərsə də sağlam olsun. Amma əlil insanı teatrda sağlam aktyorlarla bir yerdə tamaşa qoyulmasına cəlb etmək çətin məsələdir. Əlillərin idman, rəsm yarışları olur. Amma bu onların özlərinin arasında olur. Onların hərəkətini sağlam insanların hərəkəti ilə uyğunlaşdırmaq mümkün deyil. Amma bunun başqa yolunu tapmaq lazımdır. Hətta belə bir teatr da yaratmaq olar - Əlillər Teatrı. Bizdə «Sönməyən ulduzlar» teatrı var. Orda ancaq yaşlılar oynayırlar. Yəni 70-80 yaş arası olanlar. Əlillərin də öz teatrı, rejissoru ola bilər. Bu halda niyə də olmasın? Əlillərin futbol komandası kimi, teatrının da yaranması pis olmazdı. Amma yenə deyirəm, əlil insanların sağlam aktyorlarla eyni tamaşada oynaması mümkün deyil. Heç onları əlil roluna dəvət etmək də düz olmazdı. Bu, qeyri-etik addım olardı”.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından isə bildirdilər ki, fiziki qüsuru olan insanlar öz istedadlarını incəsənətin başqa sahələrində göstərsələr də, teatrda çalışmaları mümkün deyil. Baxmayaraq ki, teatrın xorunda oxuyan gözdən əlil var. Amma məhz opera səhnəsində fiziki qüsuru olan şəxsin çalışması mümkün deyil. Ən azından ona görə ki, operada hərəkət, dinamika da var. Hərəkət, ifa - bunları həyata keçirmək əlil üçün çox çətindir. Həm də problemli məsələdir.
   Bakı Uşaq Teatrı isə artıq bu təcrübəni reallaşdırıb. Teatrda əlillərdən, daha dəqiq desək xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət truppa fəaliyyət göstərir. Teatrın rəhbəri İntiqam Soltan bildirdi ki, bu truppada əlillər həm sağlam uşaqlar, həm də peşəkar aktyorlarla birgə çalışırlar: «Bizim teatrda bir ildən artıqdır ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət truppa fəaliyyət göstərir. Mən bu truppada bir eksperiment etdim. Yəni təkcə əlil deyil, sağlam uşaqları da bu truppaya cəlb etmişik. Eyni zamanda truppanın üzvləri arasında peşəkar aktyorlar da var».
   İ.Soltanın sözlərinə görə, bu təcrübə, yəni əlil uşaqların teatra cəlb olunması onların cəmiyyətə inteqrasiyasını xeyli sürətləndirir: «Biz bununla cəmiyyətə də nümayiş etdirmək istəyirik ki, fiziki qüsurları olan insanlar da bizimlə bərabərdirlər. Əlil uşaqlar həm sağlam, həm də peşəkar aktyorlarla bir yerdə səhnəyə çıxırlar. Tamaşaların təqdim edilməsi zamanı məqsəd onların əlilliyini göstərmək deyil, onların əlilliyini gizlətməyi bacarmaqdır. Tamaşa elə formada qurulur ki, tamaşaçı tamaşanın sonuna qədər onların heç birinin əlil olduğunu hiss etmir. Yalnız sonda tamaşaçılar görürlər ki, aktyorların bəziləri fiziki qüsurludur. Truppa fəaliyyət göstərdiyi bir il müddətində iki müsabiqədə iştirak edib. Əlillərin müsabiqəsində ən yaxşı göstərici ilə çıxış etmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi Əlillərin V Respublika yaradıcılıq-baxış müsabiqəsində uğurla iştirak etmişik. Onu da deyim ki, dövlət teatrları peşəkarlardan ibarət teatrlardır. Ona görə də, əlillərin peşəkarlarla bir səhnəni paylaşması mümkün deyil. Amma yaxşı olardı ki, Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı və Rus Dram Teatrının nəzdində əlillərdən ibarət teatr studiyası yaradılsın. Məncə belə studiyalar yaransaydı, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası da sürətlənər”.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar