Qoqolun məşhur əsəri ilk dəfə Azərbaycan səhnəsində
   
   Musiqili Komediya Teatrı vaxtilə bu səhnədə böyük uğur qazanmış retro tamaşaları yenidən səhnəyə gətirməklə yanaşı, bir sıra məşhur müəlliflərin əsərlərini də repertuara daxil edir. 
   
   Bu əsərlərdən biri də böyük rus yazıçı-dramaturqu Nikolay Qoqolun Azərbaycan peşəkar teatrında ilk dəfə səhnə həllini tapan «Evlənmə» komediyasıdır. Janrına görə qeyri-adi məzəli hadisə kimi səciyyələnən tamaşanın premyerası fevralın 23-24-də Gənc Tamaşaçılar Teatrında (Musiqili Komediya Teatrının binası təmirdədir - red.) keçirildi.
   İlk tamaşanı izləyənlər arasında baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, hökumət rəsmiləri, mədəniyyət, incəsənət xadimləri vardı.
   Evlənmək istəyən dörd kişinin bir xanımın könlünü ələ almaq üçün cəhdlərindən bəhs edən səhnə əsərinin iki günlük premyerası uğurlu keçdi. Bu barədə danışan tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov «Evlənmə» əsərinin tarixinə də nəzər saldı: «Böyük dramaturq Qoqolun əsərləri Azərbaycan teatrında vaxtilə dəfələrlə tamaşaya qoyulub. Azərbaycan səhnəsində Qoqolun daha çox «Müfəttiş» pyesi məşhurdur. Amma son 40 ildə heç bir teatrımız onun yaradıcılığına müraciət etməyib. İlk dəfə peşəkar səhnədə isə onun «Evlənmə» əsərinə müraciət olundu. Ümumiyyətlə bu pyesin tarixi qəribədir. Tarixi faktlara görə, bu tamaşa bəzi illərdə çox hazırlanıb, bəzi illərdə isə unudulub. Amma son illər həm Rusiyada, həm də Avropada bu əsər yenidən səhnəyə qayıdıb. Sevinirəm ki, Azərbaycan teatrı da bu prosesdə yer alıb».
   Pyesin səhnə yozumundan danışan rejissor bildirdi ki, müəllif əslində bu əsərdə bir insanın digərinə olan qayğısının zəruriliyini göstərir: «Pyes vaxtını səmərəsiz keçirən insanların həyatından bəhs edir. Onlar həyatlarını elə qurublar ki, həyat onlara acınacaqlı, maraqsız gəlir. Qərara gəlirlər ki, keçən ömrü maraqlı etməyin ən əsas yolu evlənməkdir. Ailə həyatı qursalar maraqlı olar. Beləliklə, yaşı keçmiş bu insanlar evlənmək qərarına gəlirlər. Buna görə də ərə getmək yaşı keçən bir xanımın yanına gəlirlər. Lakin onlar bir-birlərini anlamırlar. Nəticədə hər biri bu izdivacın uğursuz olduğunu anlayaraq çıxıb gedir. Qoqol bu əsərdə insanın insana qayğısından, insanın ən ülvi bir hiss olan məhəbbəti oyuncağa çevirməyin acı nəticəsindən danışır. Pyes bizim Musiqili Komediya Teatrında uzun illər baxdığımız ənənəvi operettalardan deyil. Bu dram teatrı üçün yazılmış bir qədər psixoloji, dramatik, satirik, komik notlarla olan bir əsərdir».
   Tamaşaya digər teatr kollektivlərindən də aktyorların dəvət olunduğunu nəzərə çatdıran rejissor bunu Azərbaycan teatrında həyata keçirilən islahatların bir nəticəsi olduğunu bildirdi: «Tamaşada çox maraqlı aktyor heyəti formalaşıb. Gənc Tamaşaçılar Teatrının, Akademik Milli Dram Teatrının aktyorları bu tamaşada oynayırlar. Teatr sahəsində aparılan islahatlar bu imkanı bizə verdi. Azərbaycanda elə aktyorlar var ki, aylarla, illərlə bir teatrda oturub rol gözləməməlidirlər. Bakıda yaşayırlarsa bütün teatrların səhnəsində oynamalıdırlar. İmkan varsa bölgə teatrlarına ezam olunmalıdırlar. Bu aktyorlara yaradıcılıq potensialını göstərmək üçün geniş imkanlar yaradır. Musiqili Komediya Teatrının bu tamaşası islahatların göstərdiyi nəticədir. İkigünlük tamaşa üçün bütün biletlər satılıb, bu artıq marağın yetərincə olması deməkdir. Tamaşanın inkişafı tədricən olacaq. Nəzərdə tutmuşuq ki, tamaşanı bölgələrdə də təqdim edək».
   Qeyd edək ki, tamaşada rolları xalq artistləri Məleykə Əsədova (Aqafya Tixonovna), Şükufə Yusupova (Fyokla İvanovna), Arif Quliyev (Jevakin), əməkdar artistlər Elçin Həmidov (Yaiçnitsa), Ramiz Məmmədov (Anuçkin), aktyorlar Emma Məlikova (Arina Pantelemonovna), Qurban İsmayılov (Polkolyosin), Çingiz Əhmədov (Koçkaryov), Ülviyyə Əliyeva (Dunyaşka), Möylə Mirzəliyev və Elxan İsmayılov (Starikov), Məhərrəm Qurbanov və Vüqar Hacıyev (Stefan) ifa edir. Tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Zakir Ağayev, Yelena Ağayeva, rejissor assistenti Elməddin Dadaşovdur.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar