Ramil Qasımov «Koroğlu» operasının film-opera variantını hazırlamaq arzusundadır
Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin «Koroğlu» operasının növbəti tamaşası oynanıldı. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanı Musiqili Komediya Teatrının baş dirijoru Nazim Hacıəlibəyov idarə etdi. Tamaşada əsas rolları isə İlahə Əfəndiyeva (Nigar), Xalq artisti Şahlar Quliyev (Həsən xan), Əməkdar artist Nizami Bağırov (Əhsən paşa), Əməkdar artist Əkrəm Poladov (Alı), Əliəhməd İbrahimov (Təlxək) və digərləri ifa ediblər.
Tamaşanın baş qəhrəmanı olan Koroğlu rolunda çıxış edən Musiqili Komediya Teatrının solisti Ramil Qasımov Azərbaycan musiqisi tarixində Koroğlu rolunu oynayan ən gənc ifaçı oldu. Gənc sənətçi bu ifasını Azərbaycan professional vokalçılıq məktəbinin banisi Bülbülə ithaf edib.
Uğurlu ifasından məmnun qalan R.Qasımov martın 29-da mətbuat konfransı keçirərək, təəssüratını bölüşdü. Bildirdi ki, Koroğlu rolunu ifa etmək təklifi Opera və Balet Teatrının rəhbərliyindən gəlib: «Musiqili Komediya Teatrında 11 ildir ki, çalışıram. Opera və Balet Teatrının rəhbərliyindən bu rolu ifa etmək təklifini məmnuniyyətlə qəbul etdim. Çünki məndə bu obrazı görməsəydilər, təklif etməzdilər. «Koroğlu» Üzeyir Hacıbəylinin şah əsəridir. Bu operanı çox sevirəm və Koroğlu obrazı oynamaq mənim arzum idi. Koroğlu ariyasını və Koroğlu aşıq mahnısını çox sevdiyimdən dövlət tədbirlərində ifa edirdim. Yəqin bu, Opera və Balet Teatrının diqqətindən yayınmayıb».
«Koroğlu» tamaşasının həyəcanının böyük olduğunu deyən R.Qasımov onu da bildirdi ki, Azərbaycanın tarixi əsərini oynamaq çox çətindir: «Koroğlu» böyük nailiyyətdir. İnsana stimul, arxayınlıq, məsuliyyət verir. Artıq sən xalqın qəhrəmanı, Koroğlususan. Bundan sonra artıq daha məsuliyyətli olmalısan».
R.Qasımov onu da bildirdi ki, ifa etdiyi «Koroğlu» operasının film-opera versiyasını gələcəkdə hazırlayıb, təqdim etmək niyyətindədir.
Gülər