İyulun 26-da Açıq Kitabxanada Milli Kitabxananın və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş qazilərlə görüş olub.
Kitabxanadan bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Lalə Salahova və ictimai birliyin sədr müavini Nazənin Əlicanlı Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıblar.
Görüş zamanı Vətən müharibəsi iştirakçısı olmuş qazilər Kamil Musəvi və Pərvin Abdullayev keçdikləri döyüş yolu barədə xatirələrini bölüşüblər. Bildirilib ki, gələcək nəsillər, bundan sonra da daha vətənpərvər, məğrur böyüyəcəklər.
Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmnunluq hissi keçirdiklərini qeyd ediblər.