Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ın yeni quruluşu milli koloriti, şən yumoru, sətiraltı mənaları, sadə və aydın səhnə həlli ilə yadda qaldı.
1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. Üstündən 138 il keçəndən sonra Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu Akademik Milli Dram Teatrının səhnəsində Lənkəran xanının vəzirini yeni quruluşda səhnəyə çıxardı.
Klassika zamansızdır
Premyera öncəsi tamaşanın quruluşçu rejissoru ilə görüşə bilməsək də, rejissor Tural Mustafayev ürək sözlərini bizimlə bölüşdü.
- “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası mənim teatrda artıq 8-ci işimdir. İlk dəfədir ki, Vaqif müəllimlə birlikdə işləyirəm. Onunla işləmək adama böyük zövq verir. Çalışmışam ki, ondan öyrəndiklərimi, bildiklərimi bu tamaşada gerçəkləşdirə bilim.
- XXI əsrin tamaşaçısı üçün bu əsər hansı baxımdan önəmlidir?
- Mirzə Fətəli Axundzadə klassik dramaturqumuzdur. Klassika isə örnəkdir, zamansızdır. Çalışdıq ki, bu əsəri vaxtla uyğunlaşdıraq. Tamaşada iştirak edən aktyorlar sağ olsunlar ki, bizi başa düşdülər, anladılar və birgə nəyə isə nail olduq.
Tamaşada Lənkəran xanın vəziri - Mirzə Həbib rolunu ifa edən Əməkdar artist Cəfər Namiq Kamal öz rolundan danışdı:
- 2002-ci ildə biz bu tamaşanı elə bu teatrda, doğma teatrımızda hazırlamışdıq və o tamaşada da mən Lənkəran xanının vəziri rolunu oynayırdım. Bir balaca dəyişikliklər olub, ifaçılar dəyişib, dinamika artıb. Mən müxtəlif quruluşlarda da bu tamaşaya baxmışam. Bu obraz əlbəttə ki, maraqlı, sevdiyim obrazlardan biridir.
Diqqət, tamaşa başlayır!
Sərgüzəşt başlayır. Tamaşaçılar XVIII əsrə yollanırlar. Başı məişət qayğılarına, eyşi-işrətə qarışan Lənkəran xanının vəziri Mirzə Həbibin işləri kələf kimi bir-birinə qarışır. Qadın hiyləsinin qurbanına çevrilir. Tamaşa boyu gülüş obyektinə çevrilən Mirzə Həbib eşitdikləri ilə gördüklərinin arasında çaşıb qalır və sonda dərdini Xana danışır. Öz hərəkətləri və axmaq qərarları ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran vilayətinin xanı da maraqlı bir obraz kimi yadda qalır. Xalq artisti Nurəddin Mehdixanlının yaratdığı Xan obrazı dramatik obrazlar yaradan aktyoru incə yumor hissi olan komik aktyor kimi tamaşaçılara təqdim edir.
Tamaşada Pəri xanım obrazını Əməkdar artist Mətanət Atakişiyeva, Ziba xanım rolunu Şəhla Əliqızı, Şölə xanım obrazını Şəlalə Şahvələdqızı, Nisə xanım obrazını isə Həcər Ağayeva ifa edirdi.
Tamaşanın rəssamı Rəşid Şerif, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Olduqca sadə səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi ilə tamaşaçıların rəğbətini qazanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” alqışla qarşılandı. Tamaşaçı alqışı isə şübhəsiz ki, tamaşaya verilən ən böyük qiymətdir.
Təranə Vahid