Prezident İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan dram teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb. Hazırda teatrın yerləşdiyi binada şərait qənaətbəxş deyil, təchizat müasir tələblərə cavab vermir.
Sərəncama əsasən, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.