Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Xalq şairi Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayev) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Şair Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə bu yüksək təltifə layiq görülüb.
Dövlət başçısı Fikrət Qocaya 80 illik yubileyi münasibətilə təbrik məktubu da göndərib. Məktubda şairin ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünəxas ifadə tərzi ilə xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr bəxş etdiyi vurğulanır. “Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözləriniz musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir. Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğurulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcəkdir”, - deyə məktubda bildirilir.