Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə Kürdəmir rayonunun qonağı oldu. Teatrın baş rejissoru Cənnət Səlimova qeyd etdi ki, 2012-ci il M.F. Axundzadənin 200 illik yubileyi geniş qeyd olunacaq. Bu münasibətlə Gənc Tamaşaçılar Teatrında böyük dramaturqun bir neçə əsərinin tamaşası hazırlanıb. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri Gənc Tamaşaçılar Teatrının 83-cü teatr mövsümünün final tamaşasıdır. Beləliklə, teatr bu tamaşa ilə mövsümü Kürdəmir rayonunda başa vurdu.
Tamaşanın rejissoru Cənnət Səlimova, baletmeysterlər Zakir və Leyla Vəliyevlərdir. Rollarda Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyla Vəliyeva, Lətifə Əliyeva, Seyidşah Məmmədov və başqaları çıxış edirdi.
Tamaşaçılar səhnə əsərini alqışlarla qarşıladılar. Kürdəmirli sənətsevərlər bu tamaşadan böyük zövq aldılar, teatrın kollektivinə uğurlar arzuladılar.
Məryəm Əliyeva,
Kürdəmir Rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş kitabxanaçısı