BMT Sivilizasiyalar Alyansının (BMTSA) 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib.
Səfər çərçivəsində nümayəndə heyətinin tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü keçiriləcək. Bununla yanaşı nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşləri nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla BMTSA arasında əməkdaşlıq, Forumun keçirilməsi barədə müqavilənin mətni, tədbirin sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, Forumun TV və internet üzərindən yayımlanması və digər məsələlər müzakirə olunacaq.
Məlumat üçün bildiririk ki, BMTSA-nın 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Forumda BMT-yə üzv ölkələr, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3 minədək şəxsin iştirakı gözlənilir.