Bolqarıstanın “Qızıl qum” istirahət zonasında uşaq və gənclərin “Dəniz simfoniyası” Beynəlxalq yaradıcılıq festivalı başa çatıb.
Festival-müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının “Günay” Uşaq Teatrı təmsil edib.
“Günay” Uşaq Teatrı festivalda qazandığı mükafatların sayına görə lider olub. Teatr festivala 6-18 yaş arası 15 iştirakçı ilə qatılıb. Balaca təmsilçilərimiz burada aktyor, rəqqas, vokal ifaçısı kimi bacarıqlarını nümayiş etdiriblər.
Festivalda Aleksandr Puşkinin əsərləri əsasında hazırlanmış “Balıqçı və balığın nağılı” tamaşasını göstərən balaca sənətkarlarımızın çıxışı alqışlarla qarşılanıb.
Bu beynəlxalq festivala ilk dəfə qatılan “Günay” Uşaq Teatrının istedadlı üzvləri Rusiya, Polşa, Ukrayna və Bolqarıstanın peşəkar mədəniyyət və incəsənət ustalarının ustad dərslərində də iştirak ediblər.
“Dəniz simfoniyası” yaradıcılıq festivalı xalqlararası mədəni əlaqələrin, beynəlxalq yaradıcılıq münasibətlərinin, sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, inkişaf etdirilməsi məqsədi ilə təşkil olunub.