Aynurun sənət dünyası 
      
   N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədovanı ilk dəfə səhnədə “Yeni teatr” II Respublika festivalında görmüşəm. Oriqori Qorinin “Herostratı unudun” tamaşasındakı Klementina rolunda.
  
   Balaca bir haşiyə çıxıb deməliyəm ki, builki “Yeni teatr” festivalı bir çox maraqlı anları, məqamları ilə diqqət çəkdi. Festivalda ölkənin ümumi teatr mənzərəsi əks olundu. İstər sənət, sənətkarlıq, istərsə də axtarışlar, yeniliklər baxımından.
   Festivalda tanınmış səhnə ustaları ilə yanaşı, yeni simalar, yeni adlar da diqqətdən kənarda qalmadı. Üstündən xeyli vaxt keçsə də, festivalda nümayiş olunan bir çox tamaşaları yaxşı xatırlayıram. Onlardan biri də Lənkəran Dövlət Dram Teatrının “Herostratı unudun” tamaşası oldu. Tamaşa bir çox məziyyətləri ilə - səhnə tərtibatı, aktyor oyunu və rejissor yozumu ilə yadda qaldı.
   Mətləbə qayıdım, Aynur səhnəyə çox yaraşır. Yerişi, duruşu, səhnə danışığı öz yerində, Aynur özünəməxsus oyun tərzi olan aktrisadır. Tamaşadan sonra Aynuru bir az da yaxından tanımaq istədim. Siz də tanıyın.
   
   Əhmədova Aynur Əhməd qızı 1975-ci il sentyabrın 17-də Lənkəran şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib. 1998-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyir. Bu günə kimi teatrın repertuarında olan tamaşalarda maraqlı rollar yaradıb. M.Hüseynin “Cavanşir” əsərində Reyhan, Elçinin “Dəlixanadan dəli qaçıb” əsərində katibə, T.Vəliyevanın “Mənim ağ göyərçinim”də Turan, B.Nuşiçin “Nazirin xanımı”da Anka, F.Mustafanın “İlğım”ında Maya, S.S.Axundovun “Qaraca qız”ında Yasəmən, H.Mirələmovun “Vicdanın hökmü”də Aygün, Sofoklın “Şah Edip”də Kəniz, M.Xubainin “Neron”unda Pompeya, Ç.Aytmatovun “Manqurt”unda Ayzadə, H.Muxtarovun “Mən nənə ilə evlənirəm” əsrində Cahan, “Göyçək Fatimə” nağıl-pyesində ögey bacı, İ.Coşqunun “Ana laylası”nda Çiçək Aynurun obrazlar qalereyasının gözəl nümunələridir.
   Aynur nə vaxtsa aktrisa olacağını ağlına belə gətirməsə də, tale onu səhnəyə gətirir...
   Dördüncü kursda oxuyarkən Akademik Milli Dram Teatrından gəlmiş nümayəndələr kütləvi səhnələrə tələbə seçərkən Aynuru çox bəyənirlər və Xalq yazıçısı Elçinin “Ah, Paris, Paris” tamaşasında ona balaca, sözlü bir rol da verirlər. İlk dəfə böyük sənətkarlarla səhnəyə çıxan Aynur teatrı, səhnəni, sənəti daha da yaxından duyur.
   Universiteti bitirəndən sonra yollar Aynuru Lənkəran Dövlət Dram Teatrına gətirir.
   - 1998-ci ilin aprelindən bu teatrdayam. İlk dəfə Vaqif Səmədoğlunun “Uca dağ başında” tamaşasında mənə katibə qız rolunu - Nelli rolunu verdilər. Sonra Mehdi Hüseynin “Cavanşir” əsərində Reyhanı oynadım. Təbii ki, həyəcanlı idim. Bir də məndə bir adət var, hansı rolu oynayıramsa oynayım, araşdırıram ki, görüm məndən əvvəl bu rolu kim oyanıb. Biləndə ki, vaxtı ilə Reyhan rolunu Hökümə Qurbanova oynayıb, sözün düzü bir az utandım, sarsıldım. Çünki Hökümə Qurbanova ən çox sevdiyim, pərəstiş etdiyim aktrisa olub. Yavaş-yavaş səhnəyə alışdım, eyni zamanda yerli televiziyada işlədim.
  
   Bölgələrdə xanımların sənətə gəlişi o qədər də asan deyil. Aynur da ilk vaxtlar bir çox maneələrlə qarşılaşıb, çətinliklərlə üzləşib. Amma sonda teatr sənətini sevməyi başqalarına da öyrədib.
   Aynur sənətdə bölgə anlayışını qəbul etmir. Deyir ki, sənət hüdudsuzdur. Balaca bir səhnədə sənətinlə hər kəsi heyrətləndirə bilərsən. Təki sənətə məhəbbətin, ürəyin olsun.
   Lənkəran Dövlət Dram Teatrının aktrisası Zemfira Nəcəfova Aynur barədə belə deyir:
   - Uzun müddət Aynuru kəşf eləyən olmadı. İslam müəllim həm teatrın direktoru, həm rejissoru kimi Aynurun içindəki potensial imkanları üzə çıxardı. “Şah Edip”də Aynurun xırda bir rolu var, amma Aynur o rolu çox gözəl oynadı. “Neron” tamaşasında Pompeyanı əladan da əla oynayır. Əsas şərt odur ki, Aynur rollarını sevir və tamaşaçıya da bu rolları sevdirə bilir.
   Aynur bu gün Lənkəran teatrının ən ümidverici, sevilən aktrisalarından biridir. Səhnə sonu bilinməyən bir yoldur. Bu yolda Aynuru yeni rollar, yeni obrazlar gözləyir. O sənət yolunda inamla arzulayır.
   Sentyabrın 17-si doğum gündür. Cazibədar aktrisaya bol-bol sənət uğurları, həyatda və sənətdə xoşbəxtlik arzulayırıq.
  
   Təranə Vahid