Əzizinəm, Qarabağ,
   Qara salxım, qara bağ,
   Tehran cənnətə dönsə,
   Yaddan çıxmaz Qarabağ.
   
   Əsrlər əvvəl Tehrana siyasi gəlin köçən məşhur Ağabəyim ağanın çəkdiyi bu bayatı sadəcə doğma vətən vəsfimi, qəriblik yanğısımı? Bir qəlbin illərlə daşıdığı qubarmı? O, Qarabağsız xoşbəxt ola bilməyəcək. Qarabağı unuda bilməyəcək və xoşbəxt olmayacaq. Bunu bilib.
   Hüsnünün tərifini həşrə qədər yazalar,
   Nə tərifin qurtarar, nə həsrətim azalar…
   Bəlkə elə Ağabəyim ağa bu misraları da vətəninə həsr edib?
   Bir bayatıyla ruhumuz silkələnəcək. Aləm cənnətə dönür. Qarabağ yaddan çıxırmı? Qarabağsız xoşbəxt olurlarmı?
   Hər bayatı bir tale yazısı kimidir. Bayatı çəkib talelərini oxşayır qadınlar çox zaman.
   Son illər hər mövsüm açılışına bu bayatını eşitməyə gəlirik. Akademik Milli Dram Teatrında, «Hökmdar və qızı», yəni «Qarabağnamə» tamaşasına.
   Ötən illərdə olduğu kimi, bu mövsümü də Akademik Milli Dram Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanmış «Qarabağnamə» tamaşası ilə açdı. «Qarabağnamə» Azərbaycan tarixinin ağrılı bir dövrünü əhatə edir. Xanlıqlara parçalanmış Azərbaycan, Rusiya və İran kimi nəhənglərin siyasi hədələri altında çabalayan xanlar, hökmdar taleyinə boyun əyərək oğlunu və qızını girov vermiş Qarabağ xanı İbrahim xan. Bir tərəfdə doğma qızının xoşbəxtliyi, bir tərəfdə siyasi müvazinət saxlayıb güclənmək arzusu. Bir tərəfdə qızı qədər doğma vətən, bir tərəfdə xanların ətrafının qınağında əzab çəkmək qədəri... Bu çıxılmazlığı səhnədə Qarabağ xanının taxtının üstündə asılmış, tiyəsi ilə düz xanı nişan almış böyük bir qılınc ifadə edir. Bu qılınc çox sadə səhnə dekorasiyasının ən nəzərəçarpan dekorudur. Həmçinin xanlıqların sərhədləri ilə cadar-cadar olmuş böyük Azərbaycanın xəritəsi də.
   Səhnə həllindən, bədii keyfiyyətlərindən asılı olmayaraq bu, tarixi tamaşadır.
   Bütöv Azərbaycan arzusu, siyasi hədələr, doğmalarını qurban vermək, ürəyinə daş bağlamaq və hamısının əvəzində qazandığın daxili tənhalıq. Budur İbrahim xanın qədəri. Bu mövzuda çəkilən və tamaşa boyunca xatırladığımız filmi nahaq yerə «Hökmdarın taleyi» adlandırmayıblar. Film təsirli idi, tamaşasa sanki əl uzatsan çatar kimi bir həyəcan yaradır bu tarixi əhvalat qarşısında.
   Tamaşaçılar bu əhvalatı həssaslıqla izləyir. Cavad xanın cəsarəti alqışlanır, erməni casusunun səhnələri reaksiyasız qalmır.
   Tamaşaçılar Akademik Milli Dram teatrında mövsümü açan «Qarabağnamə» (rejissor Mərahim Fərzəlibəyov) tamaşasına baxırlar. Musiqi ürəkləri titrədir: «Şuşanın dağları», «Qarabağ şikəstəsi»...
   Tamaşa bitir. Qaranlıq zal işıqlanır. Mobil telefonlar açılır. Dünya göz qırpmağa qoymadan bizi qoynuna çəkir. Rəngbərəng işıqlar, reklam lövhələri, monitorlar, yeni mağazaların qarşısındakı rəngbərəng bayraqlar...
   Aləm cənnətə dönüb. Yaddan çıxar Qarabağ?
   
   Aliyə