Premyeradan təəssüratlar
   
   Sentyabrın 25-də Gənc Tamaşaçılar Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış tamaşanın premyerası oldu. Premyerada baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev iştirak edirdi. Bu dəfə tamaşaçılar tamaşanı zaldan yox, birbaşa səhnədən izləmək imkanı əldə etdilər və özləri də hiss etmədən bir növ tamaşanın iştirakçılarına çevrildilər.   

   İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” əsərini 1969-cu ildə qələmə alıb və bu əsər zaman-zaman müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. Son dəfə 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsində Xalq artisti Vaqif Əsədovun quruluşunda səhnələşdirilən əsər geniş tamaşaçı marağına səbəb olub. Yaradıcı kollektiv bu tamaşa ilə Moskvada uğurla çıxış edib, Rusiya teatr mütəxəssislərinin diqqətini cəlb edib.
   Gənc Tamaşaçılar Teatrının 84-cü mövsümündə isə əsər Vaqif Əsədovun quruluşunda Azərbaycan dilində tamaşaçılara təqdim olundu. İki hissəli psixoloji dram rejissor yozumu, maraqlı aktyor oyunu, səhnə və musiqi tərtibatı ilə yadda qaldı.
   Bu dəfə hadisələr həyat müstəvisində yox, teatr səhnəsində baş verir. Tamaşa içində tamaşa, oyun içində oyun psixoloji anları ilə yadda qalır. İnsan duyğularını, hisslərini yüksək ustalıqla qələmə alan İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” əsrində də insan qəlbinin tərəddüdlərini ön plana çəkir. Qəhrəmanını “məhəbbət, yoxsa sərvət?” seçimi qarşısında qoyur. Fəridə onu saf məhəbbətlə sevən istedadlı və kasıb Qənimətin hisslərinə hörmət edəcəkmi, yoxsa var-dövləti başdan aşan yoxsul mənəviyyatlı Ədaləti seçəcəkmi? Təmiz hisslər və şirin yalan. İlyas Əfəndiyevin bu qəhrəmanı da zahiri parıltıya aldanır, gənc qız qəlbinin səsinə yox, şirin yalana uyuyur. Ancaq var-dövlət Fəridəni xoşbəxt edə bilmir.
   Əməkdar artist Şövqü Hüseynovun Savalan, Günel Məmmədovanın Anjel, Şəbnəm Hüseynovanın Fəridə, Rasim Cəfərovun Qənimət, Şəfəq Əliyevanın Gövhər, Elşən Rüstəmovun Ədalət rolları dolğunluğu, həyatiliyi, yüksək peşəkarlığı ilə yadda qalır.
   Tamaşanın musiqi tərtibatçısı Mixail Simonovski Azərbaycanın xalq mahnılarından yerli-yerində istifadə edib. Aktyorlar tərəfindən canlı ifa edilən bu musiqilər tamaşaya xüsusi gözəllik verir. Tamaşanın rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.    

   Təranə Vahid