Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının (BMTSA) gələn il Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə Nyu-Yorkda səfərdədir.
Səfər çərçivəsində BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçiriləcək. Görüşlərdə 7-ci Qlobal Forumun gündəliyi, konseptual sənədlər və mövzular, yüksək səviyyəli rəsmilərin protokol məsələləri, Forum çərçivəsində nazirlər toplantısı, plenar və işçi sessiyalar barədə müzakirələr aparılacaq.
BMT Baş Assambleyası çərçivəsində keçiriləcək BMTSA nazirlər toplantısında V.Eyvazzadənin təqdimatla çıxışı və Azərbaycan haqqında filmin nümayişi nəzərdə tutulur. Səfər zamanı Amerikada yəhudi, müsəlman və xristian icmaları arasında dialoqu təşviq edən Etnik Anlaşma Fondunun nümayəndələri ilə görüş də planlaşdırılır.
Xatırladaq ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin edilib. Forum 25-27 aprel 2016-cı il tarixində keçiriləcək.