Bizim hərdən bir-birimizə söyüş kimi işlətdiyimiz bu söz Vaqif İbrahimoğlunun YUĞ teatrında sonuncu tamaşasına seçdiyi addır. Rejissor Servantesin məşhur qəhrəmanı olan Lamançlı don Kixotu belə adlandırıb. Haqlı idi.
Camaat don Kixotu dəli hesab edirdi. Doğrudan da adamın etdiyi gerçək məntiqə uyğun gəlmirdi. O özü də sonda onu dəli adlandıranlarla razılaşdı. Dəlilik bir yana, psix nədir? Psix ruh deməkdir. Don Kixot əhvalatını oxuyanlar üçün bu ad bu mənada dəqiqdir. Don Kixot psixdir, ruhdur. Onu evindən dərbədər edən, kəndli qızı Dulsineyaya aşiq edən, başına olmazın müsibətlər gətirən bu psixo-dur, yəni ruhdur.
Əhvalatı oxumayanlara danışmağın mənası yoxdur. Oxuyanlarasa tamaşanın adını və məşhur «Lamançlı don Kixot» əsərinin əsasında hazırlandığını söyləmək kifayətdir. Stop! Hazırlandığınımı? Əlbəttə tamaşanın adı artıq hazırdır - «Psix». Adını qoyandan sonra bununla da artıq hər şeyi dediyini hiss etdiyindənmi, yoxsa aktyorlarla işləmək, onları bu tamaşaya hazırlamaq, don Kixot ruhuna yaxın etmək kimi bir iş - rejissor işi, sənət əzabı gözləyir adamı. O aktyorları ki, hərəsinin qulağı min hava çalır. Onları bu günün hitlərinin havasından qoparmaq, don Kixotun musiqisini axtarıb tapmaq, özünü artıq dahilik yolunda bilən bu debütantları bir məqsədə vurmağa cəhd etmək özü də bir psix olmağı tələb edir.
Psix bir mənada tamaşa hazırlamaq, tamaşa ərsəyə gətirməyin zülmü haqda tamaşadır. Aktyorlar yuğun sütunlarına söykənib öz kriptolarını söyləyirlər. «Ay mən nə bilim, məndən yoxdur, mənim kimi aktyor harda var. Düzdü e, tələbəyəm amma filan, peşməkan…». Amma bu kripto özü də qəsdən yönləndirilməyib ki? Yoxsa niyə sənət görüşlərini danışırlar ki?
Sonra candərdi oynadıqları obrazların geyimlərini geyinirlər. Bu işdə onlara xadimə qız kömək edir. Hərəsi bir ləhcədə Dulsineyanı, don Kixotu, Sançonu oynayır, sonra yenə obrazları dəyişirlər. Arada xadimə qız ortalığı süpürür. Onun da öz kriptosu var. Belə dünyagörüşləri söyləməyə meylli adamlardı onlar. O da əvvəl süpürdüyü yerlərdən, “Zapı”sı olan adaxlı arzularından danışır. Sonra yenə köhnə hamam, köhnə tas. Aktyorlar “Don Kixot”dan parçalar oynayır, obrazları dəyişib, başqa bir parça oynayır, sonda bu don Kixotu bir tərəfə tullayıb öz məharətlərini göstərməyə çalışırlar. Bədbəxt don Kixot yenə də gerçək dünyadan dışlanır... Biri oxuyur, biri tar çalır... bizim ruhumuz budur deyirlər elə bil. Don Kixotun geyimini, əhvalatını yox, ruhunu oynamaq lazımdı. Bunun üçün psix-ruh olmaq gərəkdir. Onların ruhunusa siz özünüz gördünüz. O ruhlar don Kixotun ruhuyla tanışmı? Ay tövbə. Heç tamaşaçılar da o tamaşaçılar deyil. Aktyorların son çıxışlarını, oxumaqlarını, tar çalmaqlarını alqışlayırlar, bu keçisaqqal don Kixot, nə onun sadiq yaraqçısı, nə də gözəlçə Dulsineyası onları maraqlandırmır. Onda nə üçün rəşadətli və cəsur cəngavər don Kixota gülməlidirlər? Nə üçün bu özündən razı «manıs-aktyorlar» don Kixotu gülünc etməlidir? Niyə? Neyçün? Bu tamaşa nə üçündür axı? İş bu yerə çatanda kimsə artıq qeybdən tamaşaçılara, aktyorlara, onların elə indicə don Kixota dediklərini deyir: «Dur, oppan!». İndi deməsin.
Aliyə