Deməli, sevgi yaşadır
   
   İnsan iki dəfə uşaq olur, deyirlər. Bir dünyaya göz açanda, həyat adlı kəhkəşanla tanış olub, onu tanımağa başlayanda, bir də zamanın gərdişindən xəbərdar olanda, ömrün axar-baxarlı illərini geridə qoyub kamilləşəndə. İkinci uşaqlığı, qocalığın ərkəsöyünlüyünün gətirdiyi ərməğanı qəbul etmək, mübarizliyini həyat üzərində də göstərməklə pir olunca yaşayıb-uşaqlaşmaq hər kəsin nəsibi olmur. Həyata nə qədər möhkəm bağlansaq da, başımızın üstünü alan əcəl bizi əbədiyyətə səsləyir...
   
   Bu məqamda insanlığın bir də ömrü boyu uşaq olmaq, o həyatı yaşamaq möcüzəsi də var. Uşaqlar kimi saf, məsum, incə, həzin, humanist düşüncələrlə yaşamaq, dünyanı nağıl-noğullu gözəlliklər məkanı, insanları isə Tanrının ən gözəl əsəri mərtəbəsində dəyərləndirmək və sevmək... Bu uşaq aliliyi isə seçilmiş, gahda-güzarda adama verilən vergidir. Uşaqların və həm də böyüklərin «Ələkbər əmi» kimi xatırladığı Ələkbər Hüseynov da belə seçilmişlərdən idi.
   
   50-ni aşmasa da...
   
   Yaşasaydı, o da məşhur «Əllini aşırdım, yüzə nə qaldı...» misrasını deyib öyünəcəkdi. Amma amansız həyat, özü ilə sonsuz əzablar gətirən xəstəlik və vaxtsız gələn ölüm bunu çox gördü ona. 46 il ömür yaşasa da, sənət tarixində, onu sevib-alqışlayanların qəlbində əbədi iz qoydu. Odur ki, gəlin, onun qısa həyat tarixçəsinə sığışdıra bildiyi böyük ömür tamaşasına yenidən nəzər salaq və xatırlayaq.
   Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olmuşdu.
   1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil almış, bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işləmişdi. 1988-ci ildən isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışmağa başlayıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X.Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R.Əlizadənin "Tıq-tıq xanım"ında Dirijor, Qoca və Müğənni, A.Ostrovskinin "Qar qız"ında Lel, R.Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynayıb.
   "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" kilimarası tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunan Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısı olub, sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb.
   1968-ci ildə Polşada təsis olunan, 1979-cu ildə BMT tərəfindən qəbul edilən “Beynəlxalq Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı da Ələkbər Hüseynovdur. Mükafatın təqdimetmə mərasimi 2007-ci il martın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında oldu. Mükafatı ona xüsusi olaraq bu məqsədlə Bakıya gələn “Təbəssüm Ordeni” Kapitulasının sədri Marker Mixalak şəxsən təqdim etdi. Bu ödüllə təltif olunanlar arasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər var.
   Sənəti sənət zirvəsində təqdim etməyi bacaran aktyor bu mükafatdan sonra daha da ruhlandı, amansız xəstəlik, onu izləyən ölüm kabusu ilə sanki savaşa çıxdı. Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər əmi işinə həmişəkindən çox ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrə imza atmağa başladı. Qət etmişdi ki, getdikcə azalan bu müddət ərzində daha fəal, daha yaradıcı həyat yaşamalıdır. Teatrda, televiziyada ən müxtəlif tədbirlərdə iştirak edir, hara çağırırdılar, hansı konsertə dəvət edirdilər, gedirdi. Allah elə bil onun gücünü artırmışdı.
   Rejissor kimi tamaşalar hazırlayır, şou-proqramlar aparır, uşaqlar üçün yeni verilişlər yazdırırdı. Ölümünə bir neçə ay qalmış teatrın baş rejissoru vəzifəsinə təyin edildi. 2007-ci ilin 2 avqustunda isə dünya adlı böyük səhnədən getdi.
   Beləcə bir ömrün 46 ilə sığan həyat-tamaşası izləyicilərə nisgil, kədər, təəssüf bəxş edərək bitdi. Geridə «Sənət sonsuzdur. Əgər sən bu gün sənətdə kiçik bir uğur qazanırsansa, sabah yenə sıfırdan başlamalısan. Mən hər zaman bu sənətdə tələsirəm. Qorxuram başladığım işi sona çatdıra bilməyim» ehtiyat-etirafı qaldı.
   
   Sənət onun alın yazısı idi
   
   Valideynləri onu başqa sahədə təsəvvür etsələr də, o sənət üçün doğulduğunu çoxdan anlamışdı. Hələ uşaqlıqdan incəsənətin ən müxtəlif sahələrinə maraq göstərərək içindəki coşğun sənət ilhamına itaət edirdi. Buna görə musiqiyə, rəqsə, dram dərnəklərinə gedir, teatr, səhnə adlı möcüzə ilə tanış olmağa can atırdı. Heç nəyə məhəl qoymayaraq içindəki səsə qulaq verməli və aktyor olmalı idi.
   Ələkbər sənətə çox güman ki «Ələkbər əmi» olmaq üçün gəlməmişdi. Amma tale elə gətirir ki, insan yazısının hökmü ilə gedir. Ümumilikdə kukla teatrı həm uşaqlar, həm də böyüklər üçün teatr məkanı olduğuna görə burada işləmək, hər iki qütbün tamaşaçı zövqünü təmin etmək o qədər də asan deyil. Bunun üçün ilk öncə uşağı sevməli, onun kimi düşünüb, onun kimi hiss etməlisən. Uşaqdan yuxarıda dayansan təbii ki, o səni qəbul etməz, onun səviyyəsinə enmək də çox çətin şeydir. Əslində bu elə o aktyorun böyüklüyüdür. Bunun üçün bədəndən öncə ruhun plastikası vacibdir. Uşağı qəbul eləsən o da səni qəbul edəcək. Ona qaynayıb qarışanda sənə anası, atası, babası, nənəsi kimi yox, öz tay-tuşu kimi baxacaq və təbii ki, özü kimi qəbul edərək yaxınına buraxacaq, inanacaq. Bu nüansı çox gözəl bilən Ələkbər Hüseynov uşaqla uşaq olmağı yaxşı bacarırdı. Elə ona görə də hər kəs tərəfindən sevilir və qəbul olunurdu.
   
   Gecikdi... tələsdi... getdi
   
   Aktyorları da çox vaxt uşağa bənzədirlər. Əslində məntiq var. Çünki yalnız uşaqlar təmənna güdmədən, sonunu düşünmədən qət etdiklərinin ardınca gedir, kiçik-böyük demədən hədəf bildiklərinə can atırlar. Əgər o, uşaq kimi olmasa tamaşa qurmağın, məşq etməyin, bir monoloqun, səhnə mizanının, hərəkətin, mimikanın üstündə o qədər əlləşməz, sadəcə bir an qədər az və bəlkə də uzun alqış sədaları üçün varından yox olmaz. Uşaq olub uşaqlar üçün tamaşa qoymaq, onları təəccübləndirmək, sevindirmək, güldürmək, qəzəbləndirmək, qorxutmaq, öz dünyasından aparmaq elə uşaq kimi düşünənlərə, onun kimi hiss edənlərə nəsib olur, məhz onlarda səmimi, uğurlu alınır.
   Bu mənada Ə. Hüseynovun da içində bir uşaq var idi. Təbiətindəki o uşaq saflığı onu idarə edirdi, ruh bədəni idarə edən kimi. Onu tanıyanlar, sənət dostları, birgə çalışdığı insanlar həyatda da obrazlarındakı kimi səmimi, saf, realist olduğunu deyirlər. O, elə özü ilə bağlı yaşantılarını da real qəbul etdi, həyatın ona göndərdiyi acı sürprizi beləcə qarşıladı. Sadəcə yaşadıqları ilə gördüyü işlərin mizan-tərəzisini qurarkən içindən bir heyhat keçirdi. Uşaq dünyasının uşaqları üçün edib-etmədiklərinin, özündən sonra üzlərdə donub qalan təbəssümlərin sonrası, acı, həzin, ilıq, iç sızladan göz yaşları ilə baş-başa qaldı. Həyatın acı sınağından tək, tək keçməli idi. Keçdi də...
   
   Həmidə Nizamiqızı