Noyabrın 7-də Türkiyənin İstanbul şəhərində 34-cü beynəlxalq kitab sərgisi işə başlayacaq. Avropa, Asiya və Amerikanın, Uzaq və Yaxın Şərqin müxtəlif ölkələrindən 500-ə yaxın nəşriyyat və qurumun qatılacağı sərgidə Azərbaycan da təmsil olunacaq. Tədbirdə ölkəmizin mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edəcək. TÜYAP sərgi mərkəzində təşkil olunan sərgidə Azərbaycan kitablarının nümayişi üçün 50 kvadratmetr sahədə xüsusi ekspozisiyalı stend qurulub. Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi də planlaşdırılır.