Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə reallaşan “Axundzadə dərsləri” layihəsi davam edir. Layihə çərçivəsində dekabrın 16-da gənc dramaturqlar üçün ustad dərsləri keçirilib.
   
   Tədbirdə Teatr Xadimləri İttifaqının fəaliyyəti və layihə haqqında məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində artıq peşəkar dramaturq və sənət adamlarından bir neçəsi gənc yazıçılara mühazirələr oxuyublar. Həmçinin yaradıcı gənclərin əsərlərinin seçiminə də başlanılıb. Məqsəd 2012-ci ildə 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb, teatrlardan birinin repertuarına daxil etməkdir.
   Tədbirdə tanınmış yazıçı-dramaturq Firuz Mustafanın “Dram əsərlərində konfliktin qurulması” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafında M.F.Axundzadənin müstəsna rolundan, bədii yaradıcılığın ən mürəkkəb növü olan dram əsərlərinin yazılış qaydalarından bəhs edib. Səhnə əsərlərinin yazılmasında süjet qurmağın, həyati hadisələri dramatik hadisələrə çevirməyin yolları barədə danışıb, bu sahədə öz təcrübəsinə əsaslanaraq gənc yazarlara tövsiyələrini verib.
   Tədbirdə gənc yazarların kiçik həcmli pyeslərindən parçalar oxunub.