Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyevin 50 yaşı tamam olur. Aktyorun 50 illik yubileyi yaradıcılığının 30 illiyi ilə üst-üstə düşür. Bu münasibətlə onunla görüşüb, keçdiyi ömür və sənət yoluna nəzər saldıq.
Natiq Fərzəliyev 1962-ci il fevralın 1-də Yevlax rayonunda anadan olub. 1987-ci ildə İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Dövlət Gənclər Teatrında aktyor kimi çalışıb. 2009-cu ildən isə Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Mirzə Fətəli Axundovun «Hekayəti-xırs-quldurbasan» tamaşasında Meymun, Cəlil Məmmədquluzadənin «Qurbanəli bəy» tamaşasında Aşpaz, Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında Şirxan, Kamal Abdullanın «Sevirəm səni, Türkiyə» tamaşasında Bəstəçi, Vilyam Şekspirin «Yay gecəsində yuxu» tamaşasında Cırtdan Piter, Vaqif Səmədoğlunun «Mamay kişinin yuxuları»nda Dayı və s. rolları maraqla qarşılanıb. Bəstəboylu aktyor yaratdığı özünəməxsus rolları ilə həmişə sevilib. Yetərincə uğurlu tamaşalarda və televiziya tamaşalarında rol alan aktyorun çətinlikləri də çox olub.
- 50 yaşınızı yaradıcılığınızın 30 illiyi ilə eyni vaxtda qeyd etmək necə bir hissdir?
- İnanın ki, hələ bu hissin nə demək olduğunu özüm də dəqiq bilmirəm. Çünki son günlər yubiley tədbiri ilə bağlı işlərə başım çox qarışmışdı. Bilirsiniz ki, yubiley günü, fevralın 1-də teatrda Sərvər Əliyevin quruluşunda «Yerə, göyə sığmayan» tamaşasında oynayacağam. Bu tamaşanı Teatr Xadimləri İttifaqında keçirilən festivalda oynamışdım. Bu dəfə isə benefis tamaşa kimi oynayıram. Bütün bunlardan sonra yəqin 50 yaşın nə demək olduğunu anlayaram. Ümumiyyətlə, yubiley və ya adi ad günləri olanda həmişə dostlara uğurlu il arzulayıram. Ad günündə insanlar adətən həm sevincli, həm də kədərli olurlar. Qocalırsan deyə kədərlənirsən. İnsanın həyatında yaxşı və ağır günlər olur. Əsas odur ki, ağır günlər arxada qalsın, qarşıda sənə yaxşı günlər nəsib olsun. Qoy hər kəsin ad günləri onun həyatını yaxşılığa doğru dəyişsin. Mən yaşadıqlarımdan deyə bilərəm ki, insan üçün ən yaxşı şey cansağlığıdır. Hər şeyi əldə etmək olar. Cansağlığı isə ən böyük xoşbəxtlikdir.
“Boyum balaca olduğuna görə çox fikir edirdim”
- Necə oldu ki, aktyorluğa marağınız yarandı?
- Yevlaxda məktəbin 4-5-ci sinfində oxuyarkən şagirdləri dərnəyə üzv qəbul edirdilər. Mən də dərnəyə üzv yazıldım. Boyum balaca olduğuma görə valideynlərim narahat olurdular. İstəyirdilər ki, şənlənim, yoldaşlarım arasında olum. Mən həmişə bir küncə çəkilir, kimsə mənə baxıb gülər deyə çox sıxılardım. Boyum balaca olduğuna görə çox fikir edirdim. Ona görə valideynlərim dərnəyə üzv yazılmağıma çox sevindilər. Dedilər, qoy qaynayıb-qarışsın, dərnəkdə uşaqlarla əylənsin. Dərnəyə gedə-gedə rayondakı bütün tədbirlərdə çıxış edirdim. 7-ci sinfə qədər rəqs, dram dərnəyinə getdim. Yaxşı rəqs edirdim. O vaxt rayon Mədəniyyət Şöbəsinin müdiri Əlfaim İsmayılovun təşəbbüsü ilə Bəşir Səfəroğlu adına Yevlax Şəhər Xalq Teatrı yaradılmışdı. Bir gün o, təsadüfən mənimlə rastlaşdı və qolumdan tutub apardı otağına. Dedi, sən bu gündən Xalq Teatrında çalışacaqsan. O zaman bu teatrın böyük kollektivi var idi. Festivallarda uğurla çıxış edirdi. Beləcə, mən də kollektivin üzvü oldum. Bu kollektivlə respublikanın hər yerində, hətta Gürcüstanda tamaşalar oynamışıq. Onu da deyim ki, uşaqlıqda riyaziyyata da meyilli idim, olimpiadalara gedirdim. Amma vəziyyət elə gətirdi ki, elə uşaq vaxtından teatra bağlandım və məktəbi bitirəndən sonra İncəsənət Universitetinə daxil oldum.
- O zaman belə qənaətə gələ bilərik ki, siz bəstəboy olmasaydınız aktyorluğu deyil, başqa sahəni seçərdiniz?
- Bu barədə fikirləşməmişəm. Həyat öz axarı ilə gedirdi və mən bir də gördüm ki, səhnədəyəm. Bəlkə də hündürboy olsaydım başqa sənəti seçərdim. 30 ildən sonra bu suala cavab vermək çətindir.
“Həyatımda həm komik, həm də tragik hadisələr olub”
- Tragikomik aktyorun həyatında tragik, ya komik hadisələr çox olub?
- Mən həyatda ciddi olmağı sevirəm. Şitlikdən xoşum gəlmir. Artist səhnədə artist olar, küçədə yox. Harada oluramsa olum, bu qaydalara riayət etməyə çalışıram. Həyatımda həm komik, həm də tragik hadisələr olub. Tragik hadisə ayaqlarımın sınması və xəstəxanaya düşməyim olub. O vaxt yaxınlarım, dostlarım məni darıxmağa qoymadılar. Amma 2 il yataqda qalmaqla hər şeydən təcrid olundum. Bu mənim üçün faciə idi. Hətta inanmırdılar ki, mən yenidən gəzə bilərəm. Məni müalicə edən həkim də deyirdi ki, ola bilər mən şikəst qalaram. Atamı itirmək də mənim faciəm idi.
Xoşbəxt günlərim isə ailə qurmağım, oğlumun dünyaya gəlməsi idi. O dünyaya gələndə az qala yerişimi də itirmişdim. Ata olduğuma inana bilmirdim. Bu hissləri sözlə ifadə etmək çətindir. Qızım dünyaya gələndə daha çox sevindim. Qız uşaqları şirin olur və insana şirin anlar nəsib edir.
- Seçim imkanı olsaydı, tragik, ya komik rolları seçərdiniz?
- Aktyor üçün fərqi yoxdur. O hər ampluada özünü sınamalıdır. Bu baxır rejissorların seçiminə. Bizim bəzi rejissorların bir xüsusiyyət var. Onlar aktyorları qəlibə salırlar. Elə olur ki, bir aktyora eyni xarakterli rollar verirlər. Dəyişiklik üçün fərqli rollar versələr daha yaxşı olar.
- Sizə ən yaxın və ən uğur gətirən obraz hansılardır?
- Aktyor üçün oynadığı bütün rollar əzizdir. Hər bir rol üçün əziyyət çəkirsən. Oynadığım rolların çoxu mənə uğur gətirib. Məni ilk dəfə tanıtdıran «Polismen» klipi olub. Bu, Azərbaycanda çəkilən ilk klip idi, onu vaxtilə populyar olan «Karvan» qrupu çəkmişdi. Bu klipdə rol almaqla tanındım. Sonra televiziyada Şərif Qurbanəliyevin çəkdiyi «Yarımştat» tamaşasında oynadım və bu tamaşa da məni tanıtdı. Teatr tamaşalarından isə Əli Əmirlinin «Onun iki qabırğası» əsərində professoru oynayırdım. Bu tamaşanı 100 dəfədən çox oynamışıq. Şekspirin «Tədbirə qarşı tədbir» əsərində oynadığım Pompey də maraqlı obraz idi. Həmçinin Əli Əmirlinin «Varlı qadın» əsərindəki rol məxsusi mənim üçün yazılmışdı.
Özümü oynadığım tamaşa da olub. Azərbaycan Televiziyasında böyük redaktor işləyən Maarif Məmmədov bir gün «Sovqat» adlı əsərini mənə verdi. Əsəri oxudum və dedim ki, elə bu mən özüməm. «Sovqat»ın film-tamaşasını çəkdik. Xarakterim, təbiətim necədirsə, canlandırdığım obraz da elədir. Sonra Lənkəran teatrında filmin səhnə variantı hazırlandı, 2011-ci ildə tamaşanı uğurla təhvil verdik. Onu deyə bilərəm ki, tamaşa çox maraqlı alınıb. Bu tamaşanı yaxın vaxtlarda Bakıda oynayacağam.
- Bir müddət qəzetdə jurnalist kimi fəaliyyət göstərmisiniz. Həmin illər həyatınızda nə ilə yadda qalıb?
- Çox az müddətdə - bir ilə yaxın bu işlə məşğul olmuşam. 1992-1993-cü illərdə «Azad söz» qəzetində həm də məsul katib kimi çalışırdım, həm də xırda yazılar yazırdım. Həmin vaxtlarda Aktyorlar Evində yerləşən Gənclər Teatrına gəlib-gedirdim. Hüseynağa müəllim məni teatra dəvət etdi. Bu dəvət mənim teatrda yeni-yeni rollar oynamağıma səbəb oldu. Mənim sənət yolumda Hüseynağa Atakişiyevin böyük rolu olub. O mənim üçün bir məktəb idi. Xoşbəxtəm ki, bu məktəbi keçmişəm. Bu bir həqiqətdir və mən bunu heç vaxt danmamışam. Başqa rejissorlar mənim üzümə qapı bağlayıblar ki, bundan aktyor olmaz, boyu balacadır. Hüseynağa müəllim isə içimdən gələni gördü və sübut elədi ki, heç də barəmdə deyilən kimi deyil. Elə obrazları verdi ki, başqa rejissor heçə vaxt mənə o rolları həvalə etməzdi. Rejissor olaraq o hiss edirdi ki, hansı aktyor hansı obrazı yaxşı ifa edə bilər. Ona görə onun tamaşalarının hamısı uğurlu olurdu.
- Sərbəst şəkildə həyata keçirmək istədiyiniz layihələr var?
- Çoxdandır ki, televiziyada «Maksi şou» layihəsini həyata keçirmək istəyirəm. Amma alınmadı. Çünki bu iş sponsor tələb edir. Sponsor tapmaq isə mənim xarakterimə uyğun deyil. Yumor gecəsi formatınla bir layihə də vardı. Bilirsiniz, bu tip layihələri reallaşdırmaq çətin məsələdir. Çünki mən şou-biznes deyil, sırf teatrla bağlı veriliş hazırlamaq istəyirdim. Teatr aləmi başqadır. Mən şou-biznes adamı deyiləm.
Gülər Nizamiqızı