Fevralın 11-də N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı paytaxt sənətsevərləri ilə görüşdü. Kollektiv Aktyor Evində iki yeni tamaşasını təqdim etdi. Maarif Məmmədovun qələmə aldığı və Adil Zeynalovun quruluş verdiyi “Sovqat” tamaşası aydın süjet xətti, sadə səhnə həlli ilə yadda qaldı. Tamaşanın mövzusu bir-birinə yadlaşan insanların biganəliyindən, laqeydliyindən bəhs edir. Yaxşılıq etmək arzusunda olan insanın başına gələn qeyri-adi macəralar qəhrəmanı tragikomik vəziyyətlərlə üz-üzə qoyur.
   Əsərin qəhrəmanı Əflatunun qəlbindəki xeyirxahlığa insanlar heç də eyni hisslə cavab vermir. Yaxşılığın əvəzində yamanlıq görən qəhrəman sonda çətin sual qarşısında qalır: ümumiyyətlə, yaxşılıq etmək lazımdırmı? Böyüklərdən fərqli olaraq körpə bir qızcığaz böyüklərin anlaya bilmədiyi qəhrəmanın əlindən tutur, onun yaxşılığını qiymətləndirir. Dramaturqun və rejissorun yozumunda yaxşılıq heç vaxt ölməyəcək. Cəmiyyətə ötürülən bu mesaj tamaşanın ana xəttini təşkil edir.
   Tamaşanın quruluşçu-rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev tamaşada baş rolu oynayırdı və onun ifası təbiiliyi ilə yadda qaldı. Lənkəran Dram Teatrının aktyorları - Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Qızılgül Quliyeva və balaca Fidan Quliyeva tamaşada maraqlı ifaları ilə diqqət çəkdi.
   
   “Şeytan işığı”nda zülmət
   
   Yazıçı Kamran Nəzirlinin “Şeytan işığı” povesti Xalq artisti Kamran Quliyevin quruluşunda tamaşaçılara təqdim olundu.
   Əsərin mövzusu bugünkü həyatımızda baş verən hadisələrdən götürülüb. Tamaşada ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə dramatik şəkildə ortaya qoyulur. İnsanların çox zaman barışa bilmədiyi mənəvi itkilər müxtəlif həyati hadisələr fonunda insanın xislətini üzə çıxarır. Tamaşada Xalq artisti Qabil Quliyev, aktyorlardan Qızılgül Quliyeva, Aynur Əhmədova, Zemfira Nəcəfova, Məqsudə Əliyeva, Sücəddin Mirzəyev, Niftulla Əsgərov və digər aktyorlar yaddaqalan rollar oynayırlar.
   Tamaşanın quruluşçu-rəssamı Naxçıvan MR-in Əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı İmamqulu Əhmədovdur.
   Hər iki tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılandı və alqışlandı.
   
   Təranə Vahid