“GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində hazırlanmış tamaşa təqdim olunacaq
   
   Fevralın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında M.Frişin “Don Juan və ya həndəsəyə məhəbbət” əsəri əsasında hazırlanmış “Don Juan və həndəsə” tamaşası ilk dəfə nümayiş etdiriləcək. Tamaşanın quruluşçu-rejissoru və səhnə tərtibatçısı Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir.
   Səhnə əsəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən və GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində hazırlanıb.
   “Don Juan və həndəsə” tamaşasının geyim üzrə rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Zurab Qaqloşvili, xoreoqrafı Giorgi Marqania, rejissor assistentləri Rəfiqə Musayeva və Anar Sadıqovdur. Əsəri Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.
   Tamaşada rolları Xalq artisti Rafael Dadaşov, əməkdar artistlər Əli Nur, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Ayşad Məmmədov, aktyorlar Elşən Rüstəmov, Nigar Güləhmədova, İlahə Həsənova, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt və Aslan Şirinov ifa edəcəklər.