Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində dahi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin motivləri əsasında tamaşa hazırlanır. 
   Bu barədə məlumat verən teatrın direktoru Ədalət Hacıyev tamaşanın rejissorunun Latviyadan dəvət olunduğunu bildirdi. Səhnə əsərinin rejissoru Yonas Vaytkus bizimlə söhbətində Bakıya ilk dəfə gəldiyini, şəhərin onda böyük təəssürat yaratdığını dedi. O, Rus Dram Teatrında bir neçə tamaşa izlədiyini bildirdi: “Teatrda həm gənc, həm orta, həm də yaşlı nəslin nümayəndələri var. Bu məni sevindirir. Nəzərdə tutduğumuz tamaşa çox məsuliyyətli bir iş olacaq. Dahi Nizaminin yaradıcılığı ilə Sankt-Peterburqda institutda oxuduğum illərdən tanışam. Elə o vaxtlardan bu şairin yaradıcılığına marağım artdı. Təsadüf elə gətirdi ki, mənə dahi şairin əsərini səhnələşdirmək təklif olundu. “Yeddi gözəl” beynəlmiləl əsər kimi səhnələşdiriləcək. Bir poema özündə bir neçə mədəniyyəti birləşdirir. Bu da imkan verir ki, biz tamaşada insani keyfiyyətləri tam aydınlığı ilə göstərə bilək. Müdriklik, xeyirxahlıq kimi keyfiyyətlər sərhəd tanımır. Bu keyfiyyətlərin milliyyəti də olmur. Bu mövzu məni düşündürür və maraqlı səhnə əsəri yaratmağa səsləyir. Tamaşanı may ayının sonlarında təhvil verməyi düşünürəm”.
   
   L.Azəri