Azərbaycan Teatr Xadimləri İttifaqında 10 Mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. 139 il bundan əvvəl yaranan milli teatrımızın ənənələrini layiqincə davam etdirən teatrların nümayəndələri peşə bayramlarını qeyd etdilər.
   
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov teatr xadimlərini və teatrsevərləri ürəkdən təbrik etdi. Və milli teatrımızın tarixinə qısa bir nəzər saldı. Biz də teatr tariximizin bəzi səhifələrinə tarixin gözü ilə baxmağa çalışaq...
    ...1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu.
   1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərildi...
   1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni, parlaq bir səhifə açdı.
   1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi...
   1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı...
   1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti açıldı...
   1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı...
   1908-ci il yanvarın 12-də Bakıda ilk milli opera tamaşası göstərildi - Ü.Hacıbəylinin "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycanda professional musiqili teatrın əsası qoyuldu...
   1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı.
   Teatr tariximizlə bağlı kifayət qədər belə faktlar var...
   Peşəkar teatrımızın 139 yaşının tamamında Azər Paşa Nemətov “Azərbaycan teatrının sabahını necə görürsünüz?” sualına belə cavab verdi: “Azərbaycan teatrının sabahını çox işıqlı görürəm. Dünya teatrı üç min il bundan əvvəl yaransa da, bir neçə incəsənət növünü özündə birləşdirdiyi və canlı sənət olduğu üçün bu gün də, sabah da yaşayacaq”.
   Tədbirdə dünyasını dəyişmiş sənətkarların xatirəsi yad edildi, teatrlarımızla bağlı videoçarxlar nümayiş olundu. Gənc aktyorlar yaşlı nəslin nümayəndələrinə öz hədiyyələrini təqdim edib estafeti qəbul etdilər. Teatrımız yeni sabahlara doğru addımlayır.
   
   Təranə Vahid