10 Mart - Milli Teatr Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şəfaət Mehdiyevin “Mirzə Fətəli” dramı əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilib. Qeyd edək ki, məşhur geoloq, akademik Şəfaət Mehdiyev həm də bir sıra ədəbi əsərlərin müəllifi kimi tanınıb. Onun “Ərk qalası”, “Vicdan yükü”, “Sabir” kimi dram əsərləri bu gün də böyük maraqla qarşılanır. Akademikin “Mirzə Fətəli” pyesi də Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.
   Böyük mütəfəkkirin həyat və yaradıcılığından bəhs edən tamaşada böyük ədibimizin parlaq obrazı yaradılıb. Ədibin şair Mirzə Şəfi Vazehlə görüşü, bu görüşün onun həyat və yaradıcılığına göstərdiyi təsir səhnədə öz bədii həllini tapıb.
   Mirzə Fətəlinin cəhalətə, xurafata qarşı apardığı mübarizə əsərin əsas məğzini təşkil edir.