Aprelin 2-dən 9-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilib.
   
   Artıq üçüncü ildir ki, təşkil olunan festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin yaxşılaşdırılması, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi məqsədilə keçirilir. Budəfəki festival böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunub.
   Festivala qatılan 15 xalq teatrı, dram dərnəyi və kukla teatrı böyük ədibin «Hekayəti-xırsi quldurbasan», «Sərgüzəşti-vəziri-xani-Lənkəran», «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur», «Hekayəti-molla İbrahimxəlil kimyagər», «Mürafiə vəkillərinin hekayəti» və «Hekayəti-mərdi xəsis» komediyalarını səhnələşdirib. Ümumilikdə festivalda xalq kollektivlərinin 93, dram dərnəklərinin 42 həvəskar aktyoru iştirak edib.
   Qalibləri Mədəniyyət və İncəsənət Universitetinin dosentləri Könül Axundova və Azad Şükürov, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Bakı Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin dosenti Aydın Əzimovun daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.
   Aprelin 9-da Akademik Milli Dram Teatrında festival qaliblərinin mükafatlandırma mərasimi oldu. Qeyd olundu ki, 1-ci yerə (I dərəcəli diplom və mükafat) Nizami adına Mədəniyyət Mərkəzinin «Mərdəkan» xalq teatrı, 2-ci yerə H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı, 3-cü yerə Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyi layiq görülüb. Tədbirdə festivalın müxtəlif nominasiyalar üzrə qaliblərinin də adları açıqlandı: “Ən yaxşı rejissor işi” nominasiyası - Rəhman Əlizadə, “Ən yaxşı musiqi tərtibatı” - H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı, “Ən yaxşı qadın rolu ifaçısı” - Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyinin üzvü Aidə Əhmədzadə, “Ən yaxşı kişi rol ifaçısı” - Nizami adına Mədəniyyət mərkəzinin «Mərdəkan» xalq teatrının üzvü Nizami Əlizadə.
   Qaliblərə mükafat və diplomları mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev təqdim etdilər.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalın əhəmiyyətindən söz açdı: “Ana teatrımızın - Akademik Milli Dram Teatrının binasında Xalq Teatrları Festivalının qaliblərinin mükafatlandırılması gözəl hadisədir. Bu gün burada ani olaraq Lütfi Məmmədbəyov gözlərim önümə gəldi. Onun kimi digər sənətkarların da adını çəksəm uzun bir siyahı alınar. Bir çox sənətkarlar xalq teatrının yaranmasında iştirak ediblər. Sevindirici haldır ki, uzun illərdən sonra bu ənənə yenə də yaşayır. Çox sevinirəm ki, festivalın mövzusu Mirzə Fətəli Axundzadə yaradıcılığıdır. 135 aktyor, rejissorlar xeyli müddət məhz bu gün üçün hazırlaşıb, əziyyət çəkiblər. Düşünürəm ki, bu işi görərkən həm də həzz alıblar. İştirakçılara baxarkən bunu duymamaq mümkün deyil».
   Nazir müavini teatr sənətimizin inkişafı, son illər Azərbaycan teatrında baş verən yeniliklərdən də danışdı. Ölkə rəhbərliyinin hər zaman teatrın inkişafına diqqət və qayğı göstərdiyini vurğuladı. Qeyd olundu ki, 2006-cı ildə “Teatr haqqında” qanunun qəbul olunması, 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamın imzalanması, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi teatrların inkişafında yeni səhifə açdı: “Teatr binaları təmir olunur. Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı əsaslı şəkildə yenidən qurulub. Pantomima Teatrı daxili imkanlar hesabına yenidən qurulub, Musiqili Komediya Teatrı təmirdədir. Bölgə teatrları da əsaslı şəkildə yenidən qurulur və bu proses davam etdirilir».
   Azərbaycanın bir sıra beynəlxalq teatr təşkilatlarına üzv olduğunu deyən nazir müavini son illər teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, teatrda çalışan insanların maddi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, gözəl sənət əsərlərinin səhnəyə qoyulduğunu, teatrların xarici ölkələrə davamlı qastrol səfərlərinə çıxdığını vurğuladı: “Teatr sahəsində çox ciddi islahatlar aparılır. Bir neçə teatrın birləşdirilməsi, yeni teatrların yaradılması işi uğurla başa çatmaq üzrədir. Bakı şəhərindən rejissorların regionlara baş rejissor qismində ezam olunması da uğurlu işlərdəndir. Son iki ildə 9 rejissorumuz xarici ölkələrdə ixtisasartırma kurslarında olublar».
   Nazir müavini bu ilin iyununda M.F.Axundzadənin 200 illiyi münasibətilə böyük teatr festivalı keçiriləcəyini, festivalda 27 dövlət teatrının böyük dramaturqun əsərlərini təqdim edəcəklərini bildirdi. Qeyd olundu ki, teatrlar bu tamaşaları dövlət sifarişi ilə hazırlayırlar. Nazir müavini Bakı Şəhər Xalq Teatrları Festivalının qalibi olan tamaşanın da həmin festivalda nümayiş olunmasını təklif etdi.
   Tədbirin sonunda festivalın qalibi olan Nizami adına Mədəniyyət mərkəzinin «Mərdəkan» xalq teatrı M.F.Axundzadənin «Mürafiə vəkillərinin hekayəti» əsasında hazırladığı «Vəkillərin məkrləri» məzhəkəsini təqdim etdi.
   
   Gülər