Teatr növbəti layihəni başa çatdırdı
Azərbaycan Dövlət Yuğ Teatrı müasir dünya mədəniyyəti ilə tanışlıq, bu sahədə qabaqcıl təcrübələrin mənimsənilməsi və həyata keçirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr - teatr məşğələləri, ustad dərsləri təşkil edir. Bu qəbildən daha bir tədbir aprelin 9-dan 13-dək teatrın nəzdində fəaliyyət göstərən “Yaradıcı Təşəbbüslər Mərkəzi” və Azərbaycandakı Fransa İnstitutunun birgə təşkil etdiyi modern rəqs məşğələləri idi.
Teatrın binasında keçirilən məşğələlərdə fransız rəqqasları Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki cəhətləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşdılar.
Sara Baltzinger Fransada modern rəqs sahəsində kifayət qədər uğur qazanmış rəqqasədir. «Compagnie Mirage»nin xoreoqrafıdır. Bu truppanın tərkibində «Əl oyunları», «Səhv», «Sakit» kimi məşhur tamaşalarda rəqs edib. Hazırda Barselona şəhərindəki «Compagnie Laura Vilar» truppasında çıxış edir. Müxtəlif məktəblərdə və konservatoriyalarda, Lüksemburq Xoreoqrafiya Yaradıcılıq Mərkəzində dərs deyir. Aleksandro Lipo da Avropanın bir sıra rəqs truppalarında («Compagnie Mirage» və «Compagnie Totum») çalışır. Bernard-Marie Kotles Teatrında musiqili komediya, modern rəqs, caz və ifaçılıq sənətindən dərs deyir.
Rəqqaslar məşğələlərin sonunda, aprelin 13-də tamaşaçılarına «Compagnie Mirage»yin son işlərindən olan «Entre toi» («Sizin aranızda») adlı rəqs tamaşasını nümayiş etdirdilər. Səhnə əsərinin süjet xətti oğru ilə girov arasındakı münasibətlər üzərində qurulub. Tamaşaçılar rəqs dili ilə səhnə əsərində baş verən hadisələri izlədilər. S.Baltzingerin quruluş verdiyi tamaşa izləyiciləri düşündürməklə yanaşı, həm də gözəl rəqs hərəkətlərindən zövq almaq imkanı verdi.
Gülər