və ya həyata sənədsiz - Allahdan aşağı, bəndədən yuxarı - sənət nəzarəti
   
   Bu «nəzarət» mahiyyətində rəsmiyyət, hökm-«hökumətçilik» olanların hamısından fərqli. Son dərəcə həyati, xeyli deyiş-gülüşlü və bir qədər «prikollu» olsa da, sənəd-sünədsiz, protokolsuz. Heç bir konstitusiyanın, yurisdik təhqiqatın, məcəllənin girişə bilmədiyi məsələlərin - «şəxsi iş»lərin, sözün hər iki mənasında, qansız sosio-psixo-cinayətlərin məhşər ayağı...
   
   Bu bədii-dramatik məhkəmə-mühakimə aləminin müəllifi: Xalq yazıçısı Elçin. Adı: «Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar». Ünvanı: Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı. Təqdimat aktı: premyera. Situasion-reputasion qarşılanma taktı: anşlaq, həyat-sənət tandemli maraq, nəticə etibarilə - tamaşaçılarda bütün insani hiss-həyəcanlar oyaq...
   Bütün bunları, əlbəttə, mətn doğurur. Nəticə etibarilə isə dramaturqla teatr kollektivi arasında gözəl anlaşmaya əsaslanan bir müştərək müəlliflik də var. Göz qabağında olan bu səbəbkarların birincisinin mütləq uğuruna səbəb haqda da bir-iki kəlmə deməli olsaq, mütləq onun mənəvi və irsi sələflərinin - Mirzə Fətəli Axundzadənin, Cəfər Cabbarlı, Hüseyn Cavid və İlyas Əfəndiyevin adlarını çəkməliyik. Elçin bu korifeylər özülü üstə bərqərar olub oturuşmuş özəl dramaturqumuz, çağımızın ən universal ədibi, əsərlərinin sayı hesaba, sanbalı mizan-düzənə gəlməyən sənətkarıdır.
   
   «Gəlimli-gedimli...»
   
   və inogörümlü, «qayıdım»lı dünya?..
   Həyatda yox, sənətdə - hə.
   Bəli, yaranışından bəri həyatı bəşəri «həyət»dən bir boy yuxarıda təqdim edən səhnədə bu dəfə həm də Göy həyatı, səma səhnələri cərəyan edir. Yox, bu, ənənəvi illüzion sirk, «sirkaç»lıq deyil. Bu, irfani qloballığın, ədəbi dramatik ruhsallığın texniki-quramativ vizuallığıdır. İş (əbədi-bədii vəziyyət) elə gətirib ki, əsərin baş qəhrəmanları fəal həyat mövqeyindən, cari cəmiyyət ansamblından məhrum mərhumlardır. Bunlar hər mənada yuxarı obrazlardır. Səhnə səmasındakı bu tərəf-müqabillər səhnə üstündəkilərlə nə tərəfdirlər, nə də müqabil. Amma onlar tam bitərəf də deyillər; say, ərazi, «faili-muxtar»lıq baxımından alternativi olmayan bəşər «partiya»sından qaçılmaz, özü də əbədi «istefa”ya gedənlərdir. Allah dərgahında olanları da ki, sənət, sənətkar yalnız bu qədər və bu formatda endirə bilər aşağıya. Onlara, şərti olaraq, «dərgah adamları» deyək.
   Bu «status»da olan bəndələr isə, təbii, fizikən sağ, məsləkən «sağ»-«sol» adamlar ərazisinə və bunların səviyyə tərəzisinə enib qapı pusası, əsl xislət alovunu gizlinlərdə saçan ağız-ocaqlardan qulaq-qazan asası deyillər ki!
   Beləliklə, dramaturq öz məram-məqsədini çatdırmaq üçün obrazlarını texniki vasitəyə - teleskopa əl atdırmalı olub. Bəs yerdəkilər necə, bu «konspirativ» güdüyə etiraz edə bilərmi? Əsla! Axı buradakı teleskop da hər şeyi olduğu kimi göstərən tarixi güzgü statusundadır. Özü də güzgüdən çox uzaqda olaraq göstərən həqiqət! Və həm də onun yeganə günahı budur ki, sənin hamıdan gizli qalacağını zənn etdiyin günahları bütün səsi, sözü, iç üzü ilə birgə görk edir...
   Deməli, bu əsər-aləmdə heç bir sərhəd, qoruq-qaytaq yox; bəsirət gözün nə qədər işləyir - baxa bilər. Duyğun, uyğun haracan istəyir - buyursun. Fantaziyan üçün «dayan» əmri, mühakimələrinə «dur» cəbri yox. Hər şey bizim mənəvi «mən» ampluamızdan asılı. Hədsiz sentimentalsansa əlində alqış, gözündə yaş, ürəyində atəş qaçılmazdır. Tam rasionalsansa, yanaşmanda tragediya, irrasionallıq qatışığın da varsa, baxışında həm də komediya. Deməli, tragikomediya. Amma deyim ki, bu janr bu dramı o qədər də ehtiva edə, əhatəli şəkildə «oynaya» bilmir. Nədən ki, hər beş-altı köz sözdən bir çilənən yumor suyu göynək alovunu söndürmür. Hər altı-yeddi komik «taktika»dan sonra gələn bir tragik replika zamanı öncəki nikbin ovqatın yaratdığı «yeddilərin yeri göynəyir».
   Amma, hər halda, müəllif bu əsərində dünya içərisindəki dünyasını bizə tragikomediya kimi təqdim edir. Məlum və məşhur «İlahi komediya»nın morfolojisindən uzaq, mövzu kandarından kənar, amma təhtəlşüuri bir nostalji «iddia»sı ilə bahəm.
   
   Həcm, həzz, həzm...
   
   Daha nə? Məna, məzmun, yön, fon...
   Bunlar tamaşanın bir an belə fasilə vermədən «istehsal» və «istemal» etdiyi nəsnələrdir. Yuxarıda dediyimiz «müştərək müəlliflik» yaradıcılığının bilərəkdən və bəzi hallarda bədahətən qurub-yaratdığı bu sənət «maşın»ı özünün bütün səs-küyü, pıçıltıları, qeyri-aktiv «o dünya-bu dünya» dialoqları ilə hərəkətdə və hərəkatdadır.
   Tamaşanın başlanışı elə bir dinamik, fundamental səpkidə təqdim edilir ki, deyirsən bəs, bu gedişlə bizim tamaşaçılığımız, minimum, 2-3 saat çəkəcək. Amma sonda tamaşa boyu məna-mətləbin sağına-soluna xərclədiyin heyrət və təəccüb nüanslarına bu da əlavə olunur ki, «bu «cümlə cahan» mətləblər cəmi cümlətanı bir saata sığışdırılıb».
   Tamaşanın həzzi həcmindən qat-qat artıqdır. Ötəri bir olay «girov»una çevrilmiş birisi ənənəvi-dünyəvi bir sakinliyə - «o dünya»lığa düşür. Bu dünyanın sakinləri başqa, qanunları bambaşqa, münasibət-nisbət meyarları «dəvədə buynuz». Yerdəki yer-yurdundan olmuş bu rəhmətlik göylər qəribliyindən təlaşlanıb heyrət və tərəddüdlərə qərq olurkən özünün hər iki «dünyadaş»ı olan keçmiş həyat yoldaşı ilə rastlaşır. O, ölümünə, daha hər şeyin bitdiyinə inanmaq istəmir. Belədə niyə Yerə qayıtmaq da istəməsin? Bu, heç də sağlığın «olum, ya ölüm» dilemması deyil, bu, əbədi yoxluq - ölüm «soba»sından qurtuluş üçün olum çabasıdır. Hələ bu da var ki, burada hər şey oradakından - yerdəkindən daha ciddi, lap iliyinəcən nəzarətdədir. Ah... onun haqqında nə danışırlarsa - şəkilçisindən üslubunadək hər şey keçmiş zamanda! Of... bu nədir belə, dünənədək can deyib can eşitdiyi həyat yoldaşı, hörmət-izzət göstərdiyi qayınanası ona dair səhifələri, sabiq canlı həyat tablosunu qapatmaq əzmindədirlər. Bəs bu uşaqlar? Ən doğma, ən əziz övladlar! Bəs bu ən yaxın dostu?! Odur, uşaqlar onun qoyub getdiyi varidatı axtarıb mənimsəmək peşində, dostu isə bu vəfalı rəhmətlik haqda qəvi-qəddar söz-söhbət işində.
   Nə etməli? Yəni ölüykən baxdıqları bu texniki göz oranı - Yeri sağlıqlarındakı canlı gözdən, ağıldan bu qədərmi aydın görüb-tanıda bilər?! Belədə oraya qayıtmağa, yenidən yaşamağa dəyərmi?!.
   Elə bütün bunlar məsələ-mətləbin həzmini də təmin edir. Tamaşaçını bir an belə nəfəs dərməyə macal verməyən həcm, həyatdakı bir çox xam xəyallara düşməyə yer qoymayan həzz və bu qəribə yer-göy tərəf-müqabilliyindən doğan həzm.
   Tamaşada nağılçılıq yoxdur deyə, bu yazıda da nəqliliyə yol vermək, məsələni uzatmaq günah. Əgər bu, qəbul edilmirsə, mütləq bu tamaşanın özünə baxmaq və hər şeyi olduğu kimi görüb anlamaq gərək. Burada isə bir bunu demək kifayət ki, səhnədəki «bu dünyalılar» bizə yaxşı real cəmiyyət dərsi, səhnə səmasındakılar isə ilahi şəriət dərsi deyir.
   
   Nə qaldı?
   
   Çox şey qaldı ki, onlardan:
    1) Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi İranə Tağızadəyə, xalq artistləri Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, əməkdar artistlər - Natalya Baliyeva, Fuad Osmanov, aktyorlar N. Hacıyeva, T. Rəhimov, İ. Mehdiyev, F. Bəhramov və mələk rollarını gözəl ifa edən artistlərə tamaşaçı təşəkkürləri!
   2) Bu tamaşanın premyerasında iştirak edən dövlət və hökumət nümayəndələrindən, tanınmış mədəniyyət-incəsənət xadimlərindən və xüsusən, həmkarlarımın - digər media mənsublarının əlindən imkan tapıb, həmin gün 69 yaşı tamam olan müəllifdən «eksklüziv müsahibə» almaq istəyim.
   3) Bu yazını o tamaşaya layiq həcm, həzz və həzmdə yaza bilməməyim...
   
   Tahir Abbaslı