Yarım əsrdən çoxdur ki, səhnədə Rauf Hacıyevin ölməz musiqisinin sədaları altında talelər qovuşur. Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqovun birgə sənət əsəri olan “Talelər qovuşanda” tamaşaçıları hər dəfə heyrətləndirir və sevindirir.
   
   Mayın 15-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 90 illik yubileyi ilə bağlı Musiqili Komediya Teatrının yaradıcı heyəti Dövlət Rus Dram Teatrının səhnəsində bəstəkarın “Qonşular” (“Romeo mənim qonşumdur”) əsəri əsasında hazırlanan «Talelər qovuşanda» operettasını nümayiş etdirdi.
   Tamaşadan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova çıxış edərək, Rauf Hacıyevin çoxşaxəli yaradıcılığı barədə iştirakçılara məlumat verdi. Qeyd etdi ki, bəstəkar yeddi operettanın müəllifidir və operettalar arasında “Qonşular” (“Talelər qovuşanda”) xüsusi yeri olan bir əsərdir. Bu operetta 52 il bundan əvvəl, 1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Komediya Teatrında səhnəyə qoyulur və ilk tamaşadan o qədər böyük uğur qazanır ki, tez bir zamanda onun sorağı Moskvada eşidilir. Həmin ilin dekabrında bu gözəl əsər Moskvanın Operetta Teatrında “Talelər qovuşanda” adı ilə tamaşaya qoyulur və bəstəkarın məşhur “Sevgilim” mahnısı da bu tamaşaya daxil edilir. Bu günə kimi 70 teatrın səhnəsində nümayiş olunan “Talelər qovuşanda” Bolqarıstanda, Polşada dəfələrlə tamaşaya qoyulub. 1963-cü ildə Şamil Mahmudbəyov bu əsəri ekranlaşdırır və rejissorun böyük kinoda ilk müstəqil işi olan “Romeo mənim qonşumdur” filmi milyonlarla tamaşaçının rəğbətini qazanır.
   Lalə Hüseynova çıxışında onu da qeyd etdi ki, nümayiş olunacaq operetta 10 ilə yaxın səhnədə olan tamaşanın yeni versiyasıdır.
   Beləliklə, pərdələr açıldı, tamaşaçılar birbaşa ötən əsrin 60-cı illərinə düşdülər...
   Tamaşada əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Emil Heydərov, Emma Məlikova, Ülviyyə Əliyeva və başqa aktyorların ifaları təbiiliyi, həyatiliyi və dinamikliyi ilə yadda qaldı.
   Uzun illərdir Musiqili Komediya Teatrının repertuarında yer alan «Talelər qovuşanda» tamaşasının nümayişi bir daha sübut etdi ki, bu əsərin səhnə ömrü hələ uzun illər davam edəcək.
   
   Təranə Vahid