və ya bəyaz donlu qəmli komediya...
Məryəm Əlizadə
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor
...Biri vardı, biri yoxdu...
...Məchul məmləkətdə məkanı bəlli olmayan, Zaman anlayışının isə heç vədə hökm sürmədiyi bir dəlixana vardı... Buranın sakinləri özlərini xəyallarında qurduğu cənnətdə hiss edər və azad-dəlisayağı xoşbəxt günlər yaşayardılar...
...Tamaşa salonuna daxil olan andaca quruluşçu rejissor (Petru Vutkereu - Moldova) və quruluşçu rəssamlar (tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev) bizi həməncə görkəmli yazıçı və dramaturq Elçinin “Şekspir” pyesinin mürəkkəb və qeyri-adi tamaşa ovqatına salmağa cəhd edirlər...
... Səhnə bəyaz rəngin hökm sürdüyü əsrarəngiz bir səltənəti xatırladır. Bu dəfə onun “əbədi geyimi” olan məxməri, parıltılı qumaşları cunadan tikilmiş və tənzif parçaları yapışdırılmış sirli-sehrli şəffaf bəyaz pərdə (superpərdə) əvəz edərək, həm paklığın, saflığın, həm də xəstəliyin işarəsi kimi tamaşaçını bu axşam səhnədə baş verəcəklərə hazırlayır. Onun arxasında isə hər şeyin bəyaza boyanmasına rəğmən xoşbəxt həyatın... şən gülüşlərin... günahsız uşaq oyunlarının... topun... velosipedin... qaçdı-tutduların... səsi-sədası eşidilir... səmiri duyulur. Bir sözlə, tamaşa tam yaradıcı vəziyyətdə olan aktyorların gəzişmələri... gülüşləri ilə başlayır...
... Ön səhnədəki (avansəhnə) su ilə dolu hovuzun başında isə ilk gördüyümüz adam - dəlixananın Baş həkimi intihar etmək arzusunu həməncə faş edir və hətta yarızarafat buna ehmallıca bir cəhd də göstərir...
... Bəyaz cuna pərdə açılır və səhnədə elə bil ki, qədim bir malikanənin xarabalıqları əsasında bərpa edilmiş xəstəxana məkanı görünür. Qədim malikanədən qalan isə sanki küncə qoyulmuş dirəkli fənər və qapı, bir də ki, Sara Bernarın yelləncəkli kreslosudur. Bir tərəfdə Baş həkimin ənənəvi şirmalı kabineti, o biri tərəfdə isə sonsuz kainata açılan pəncərə (Veneralı düz 17 ildir ki, hər gün bu pəncərədən baxaraq veneralıların gəlib onu aparacaqlarını usanmadan gözləməkdədir...), hər yanda qurumuş və xəstəymiş kimi cunaya bükülmüş qupquru ağaclar, yuxarıdan asılmış köksüz, quru bəyaz budaqlar buranın qeyri-adi sakinlərinin ayrılmaz bir parçası kimi diqqətimizi cəlb etməyə başlayır.
Beləliklə də, quruluşçu rejissor və quruluşçu rəssamlar qəmli komediyanın oynanması üçün tamaşanın obrazına çevirdikləri, minimalizmin hökm sürdüyü bəyaz donlu məkanı oyunçuların ixtiyarına verirlər...
Bəs, bu məkanda gəzib-dolaşanlar kimlərdir?
...Yeknəsəq həyatından bezib-usanmış, tez-tez intihar barədə düşünən Baş həkim (əməkdar artist A.Məmmədov)... Gün-güzəranından narazı Baş həkim A.Məmmədovun ifasında ruhi xəstəliyin astanasının bir addımlığındadır. Tamaşada guya ki, “sağlamlar qütbünü” təmsil edən Baş həkim ağ xalatı geyərkən sanki azadlığını itirir, “bunları... etməliyəm!” çərçivəsinə girir, azadlıq istəyinin boğulduğunu azad pasientləri ilə söhbətlərində anlayır, özü ola bilmədiyi üçün çırpınır... A.Məmmədovun Baş həkimi çoxdan onu evdə və işdə əhatə edən mənfiliklərlə barışıb: ailəsindəki sevgisizliklə, etinasızlıqla, işdəki yalan və oğurluqla, bir sözlə, şərlə... Təbiətindəki bu keyfiyyətlər onu - əslində, ağıllı və dürüst insan olan Baş həkimi - naqisliklərlə barışan, ona baş əyən, bir az qorxaq, bir az itaətkar birisinə çevirib... Nəticədə, bu mədəni, yumşaq insan sosial şərə qarşı fəal olmayan bir mövqedə qərarlaşır... Getdikcə isə müdhiş bir fikrə - özünün şirmalı iş otağı ilə pasientlərin palatası arasında mahiyyətcə heç bir fərqin olmaması fikrinə gəlir... həyatının sonuna qədər bax, bu gedişlə də davam edəcəkdir...
Baş həkimə görə, dəlilərdən xoşbəxt adam yoxdur: “Onlar xoşbəxtdirlər, qohum-qardaşı, işi-gücü unudublar”... Baş həkim - A.Məmmədov pasientlərin istər xəstəliklərini, istərsə də fərdi təbiətlərinin özünəməxsusluğunu nəzərə almadan, hamıya ənənəvi müalicə üsulunu tətbiq edir. Bu zaman quruluşçu rejissorun kinayəsi aktyorun mükəmməl oyun üslubunda özünü qabarıq göstərir. Bəlli olur ki, öz gülünc müalicə üsulu ilə o, nəinki pasientləri müalicə edə bilməyəcək, əksinə, onların formalaşmış - artıq öz qanunları ilə yaşanan mühitinə zərbə vuracaq. Rejissor təklif etdiyi komik situasiyaları bu aktyorun çoxlaylı psixoloji oyunu, plastikası, səs tembri, danışıq tərzi vasitəsilə bizə təqdim etdikcə komikliyin anlaşılmazlığa... anlaşılmazlığın isə qəm gətirən ovqata... çevrildiyini görürük. Beləliklə də, quruluşçu rejissor əsas götürdüyü janrın bədii-estetik xüsusiyyətlərinə eklektikaya yol vermədən riayət etməklə, “qəmli komediya” janrının təbiətini tamaşaçıya epizod-epizod, pərdə - pərdə aşılayır...
Tamaşada daxilən azad olmayan və iradəsizlikləri üzündən qapalı, dar məkanın məngənəsindən çıxa bilməyən insanlar (Baş həkim, Həkim və Sanitar) miniatür çərçivədə təqdim edilir. Onlar azadlıq istəyi olan, amma daxilən azad ola bilməyən, bu arzunu ürəklərində öldürən naçar insanlardır, xəstələr isə uydurduqları dünyada azaddırlar... xoşbəxtdirlər...
... Son dövrdə bir-birindən fərqli obrazlar yaradaraq onların daxili dünyaduyumu ilə zahiri plastik rəsmini vəhdətdə təqdim etməyi bacaran gənc aktrisa N.Güləhmədovanın ifasında vicdandan məhrum, bədbəxt ailə həyatının çıxılmaz girdabında sona qədər çapalamağa məhkum, cinsəl həyatında normal kişi-qadın münasibətləri tamarzısı, şəhvət hissləri doyumsuz, hətta Sara Bernarla Drob 13-ün romantik duyğularına belə həsəd aparan Həkim qadın...
...İnsanlıq, ləyaqət, şəfqət hisslərindən bixəbər, oğru, əliəyri (...“oğurlamıram, götürürəm...”), qəddar, yalnız özünü (...mədəsini!) düşünən Sanitar (A.Şirinov)... Teatrın aktyor heyətində heç kimə bənzəməyən fərdiliyi ilə qabarıq seçilən A.Şirinov yaratdığı Sanitar obrazının çoxsaylı naqis cəhətlərini qroteskə... sarkazma əsaslanaraq dəqiq rəsm edir. O, nəinki səhnədə təklif olunan vəziyyətlərdə gözlənilməz və sərrast olur, həm də Sanitarın - bu qorxunc, miskin məxluqun (insanın yox!) törətdiyi yaramazlıqları... bu yaramazlıqları hər an artırmaq niyyəti ilə daim pusquda durmasını... əlinə keçən hər şeyi qəfil qamarlayıb oğurlamasını... zavallı pasientlərə qəfildən cumaraq onları incitmək, təhqir etmək və qeyri-insani əməllərindən sonsuz keyf almaq kimi (aktyor bu keyfin yaratdığı ekstaz halını əcaib gülüşləri... mimikası... cəld plastikası... ilə ustalıqla faş edə bilir) nifrətə layiq hərəkətlərini bu mənfi personajın yalnız kəskin zahiri deyil, həm də daxili eybəcərliklərinin parlaq portret cizgilərinə çevirir. A. Şirinov öz obrazının qeyri-insani içini... yox, yox... oğurladıqları ilə dolu olan içalatını tamaşaçı zalına virtuozcasına translyasiya edə bildiyindən Sanitar bizim nifrətimizi qazanır.
Kimliyi, keçmişi, bura gəlib düşənə qədər taleyi belə bəlli olmayan Sara Bernar (Əməkdar artist M.Atakişiyeva), Stalin (Xalq artisti R.Novruz və Əməkdar artist P.Bağırov), Veneralı (Əməkdar artist E.Cəbrayılov), Ər-arvad (Əməkdar artist Ş.Şahvələdqızı) və Drob - 13 (Əməkdar artist E.Rüstəmov, A.Heybətov)...
Deyəsən, axı, əsas personajlardan birini, bəlkə də ən əsasını - ŞEKSPİRi unutdum... Amma yox, onu - Yer kürəsində harmoniyanı bərpa etmək arzusunda olan dramaturq Elçinin həmfikiri dramaturq Şekspiri unutmaqmı olar?!
Teatr dramaturji materialdakı sözlə çətin izah edilən, mənəvi-psixoloji əhəmiyyəti böyük olan mürəkkəb anlayışların mahiyyətini tamaşanın sevgiyə... harmoniyaya... inama ehtiyacı olan (səhranın suya ehtiyacı kimi!) bütün “toxuma” və “hüceyrə”lərini qidalandıran virtual obraz - Şekspir sayəsində laybalay üzə çıxarır. Beləliklə də, pyesin parlaq plastik tamaşa variantının yaranması baş verir.
Quruluşçu rejissor (P.Vutkereu) və quruluşçu rəssamlar (Xalq rəssamı N.Bəykişiyev, R.Bəykişiyev) tamaşada mövcud olan ağ bürüncəkli sadə geyimlərdən tutmuş bütün elementləri, halı, əhvalı, ab-havanı həm də sanki kosmik bir lal-dinməzlik, dumanlı, alatoranlı görüntü şəklində (burada göydən qar da yağa bilər... sabun köpüyündən şarlar da oynaşar... rəqs edər və pasientlərin əhvalını tamaşanın nəfis kosmik musiqisinə (musiqi tərtibatı H.Kazımzadə) qoşulub müşayiət də edər...) təqdim edir.
...Bəli, gözümüz önündəki bəyaz səhnədə ilk baxışda qeyri-adi heç nə ilə diqqəti cəlb etməyən ruhi xəstəxananın işçiləri və pasientləri dolaşır... Amma epizodlar bir-birini əvəz etdikcə, vizual görüntülər daha dərin məna və mətləb qatlarını işarələdikcə, ilk təəssüratımızın bəsit olması qənaətinə gəlirik. Elçinin dövrün çağırışına adekvat cavab vermək hünərini (ədəbi hünərdir!) yadımıza salanda isə mürəkkəb strukturlu, dramaturqun modern düşüncəsinin məhsulu olan bu pyesin çox kövrək, köməksiz, keçmişsiz və gələcəksiz insanların düşdüyü zamansız-məkansız bir həyat - dəlixana çərçivəsində təqdimatının kökünə, mənasına, fəlsəfəsinə varmağı bacarırıq...
...Orijinal bədii təfəkkür sahibi olan dramaturqun qəmli təbəssüm arxasında gizlənən mütəfəkkiranə (böyük Mirzə Cəlilin “Dəli yığıncağı” tragikomediyası yada düşür...), ağrılı düşüncələrinin katalizator təsirini qeydə alırıq...
...Elçin dramaturgiyasının səhnə təcəssümünün milli teatr prosesimizə dünya teatrının aktual mövzu və problemlərini qatdığını görürük...
... Görürük ki, Elçin özəl dramaturji poetikasına sadiqdir. O, yalnız milli deyil, eyni zamanda dünya dramaturgiya məkanının sakinidir...
... Görürük ki, o, “Şekspir” pyesində dünyanı bürüyən və çoxdan apogeyinə çatan mənəvi xaosa öz baxım bucağından yanaşa bilir...
... Görürük ki, artıq dünya teatrlarının diqqətini cəlb etmiş “Şekspir” dördüncü pyesidir ki, eyni bir bədii ideyanı müxtəlif rakurslardan hər dəfə yenidən sınayır və şərti olaraq, “Kimdir dəli?” adı altında birləşən komediyalarında onu “Gerçəklik və mənəvi-əxlaqi sağlamlıq”... “patoloji gerçəklik və onun sağlam olanlarda inikası”... “patoloji dəlilik və onun gerçəklikdə inikası”... nəhayət... “məhvərindən çıxmış dünya”da (“Hamlet” faciəsi) Şekspir dühasının işığında HARMONİYANIN TƏNTƏNƏSİNƏ ÜMİD və İNAM maraqlandırır...
... “Şekspir”də dramatik model-situasiya paralel müstəvidə yetişir: bir yanda dəlixana və pasientlər, o biri yanda isə planetimizi - reallığı təmsil edən tibbi personal... Planetimiz - reallıq müstəvisi sanki boşluqda dolaşan və mənasızlığı işarələyən Baş Həkim, Həkim və Sanitarın timsalında absurd həddə çatdırılırsa, pasientlər müstəvisi əslən absurd ab-havanın, azadlıq və irrasionallığın, yuxunun, xəyalın və reallığın eyni vaxtda bir yerdə olub, dramaturq tərəfindən bir-birinə calandığı “çəkisizliyin” sonsuz fəzasına çevrilir...
... Yeni dramaturji strukturu, tam yeni tipli konflikt və kolliziyaları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hissləri stereotipdən uzaq olan yeni məzmunlu insan tiplərini, xarakterləri ortalığa qoyan “Şekspir” pyes-tamaşasında maraqlı dramatik, lirik-romantik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, dövrə adekvat dünyaduyumu dramaturq tərəfindən yüksək professionallıqla bir-birinə hörülüb. Bizə təqdim etdiyi süjet gedişatında XIX, XX və XXI əsrləri bir araya gətirən (əcəba, Sara Bernarla Stalinin görüşü... Sara Bernarla Şekspirin telefon danışıqları... görüşləri və s. XXI əsrdə adiləşmiş virtuallığa söykənmirmi?) dramaturqu və quruluşçu rejissoru situasiyaların komikliyini yetişdirib faciə həddinə çatdırmaq məşğul etmir. Nə yaxşı ki, nə müəllifi, nə də rejissoru buradakıların xəstəlik tarixi də heç maraqlandırmır...
Quruluşçu rejissor bu xəstəxanadakı anlaşılmazlıqlara güclü romantik bir don geydirir və obrazları bizə təqdim etdiyi konteksdə adi görünən virtual sürətin dolanbaclarına ustalıqla salıb-çıxarır. Baş Həkimin Sanitarla... Həkimlə qarşılıqlı münasibətləri, iş əlaqələri göz önündə anbaan dəyişir, az qala ciddi sosial problem səviyyəsində təqdim edilir. İlk baxışda hər şeyin öz qaydasında olduğu bu xəstəxanada pasientlər intensiv müalicə edilir, dava-dərman alır, hətta onların asudə vaxtlarının belə qayğısına qalınır... kitab oxuyurlar... oyunlar oynayırlar... amma... və lakin...
(davamı var)