Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və “Akkord” şirkətlər qrupunun dəstəyi ilə Kiyev Gənclər Teatrında Xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı Qurban Səidin “Əli və Nino” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı Ukrayna teatrsevərlərinə təqdim edib. Əvvəlcə Xerson şəhərində keçirilən 14-cü Beynəlxalq teatr festivalında “Əli və Nino” tamaşasını nümayiş etdirməklə müsabiqənin mükafatına layiq görülən Bakı Bələdiyyə Teatrının kollektivi növbəti yaradıcılıq uğuruna Kiyev Gənclər Teatrının səhnəsində imza atıb.
Elvin Mirzəyev və İmaməddin Həsənovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni daşnaklarının və bolşeviklərin ölkəmizə qarşı yürütdükləri işğalçılıq siyasəti, azərbaycanlı Əlinin bu işğala qarşı apardığı mübarizə və onun gürcü qızı Ninoya məhəbbətindən bəhs edir. Tamaşada əsas rolları Nigar Həsənzadə, Tofiq Bayramov, İlqar Musayev, Namiq Cavadov və Ramin Şıxəliyev oynayıblar. Səhnə əsəri ukraynalı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşa başa çatdıqdan sonra Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova belə bir dəyərli əsərin Ukrayna sənətsevərlərinə təqdim olunmasını bu il 20 illiyini qeyd etməyə hazırlaşan Bakı Bələdiyyə Teatrının növbəti uğuru kimi dəyərləndirib. O, “Əli və Nino” tamaşasının Kiyev teatrsevərlərinə təqdim olunmasında yaradıcı kollektivə verdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə və “Akkord” şirkətlər qrupunun rəhbərliyinə minnətdarlığını bildirib.