Müsahibimiz teatrı bütün varlığı ilə sevən, “dünyanın bütün böyük işləri teatrın bir məşqinə fəda olsun” - deyən Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyevdir.
- Teatr aləmi sizi kifayət qədər tanısa da, istərdim, özünüzü oxucularımıza da tanıdasınız.
- Mehrəliyev Vüsal Akif oğlu. 1978-ci ildə İsmayıllı rayonunun Quşence kəndində anadan olmuşam. Sumqayıtda böyümüşəm. Ədəbiyyata, meyxanaya böyük marağım olsa da, heç vaxt ağlıma gəlməzdi ki, aktyor olacağam. Orta məktəbdə oxuyanda müəllimlərimiz məsləhət gördülər ki, Sumqayıtda “Gənclik” klubunun nəzdində fəaliyyət göstərən uşaq kukla teatrı dərnəyinə gedək. Onda 13-14 yaşım vardı, bir müddət o dərnəyə getdim. Səkkizinci sinfi bitirəndən sonra sənədlərimi Bakı Mədəni-Maarif Texnikumuna verdim. Allah rəhmət eləsin, böyük ustadımız Mikayıl Mirzə bu təhsil ocağına yenicə direktor təyin olunmuşdu və həmin il Bakı Mədəni-Maarif Texnikumunda ilk dəfə kino və dram aktyorluğu fakültəsi açıldı. İmtahanları Mikayıl Mirzə özü götürürdü. İmtahan verdim, məni öz kursuna götürdü. Birinci kursun axırında bizə səhnə hərəkətindən dərs deyən Nicat Kazımov məni Gənc Tamaşaçılar Teatrına gətirdi. O, “Tık-tık xanım” nağılının motivləri əsasında “Tık-tık, Tuk-tuk” adlı tamaşa hazırlamışdı və o tamaşada mənə Tülkü rolunu verdi. Bu, mənim peşəkar səhnədə ilk rolum idi. Onda 16 yaşım vardı.
- Ancaq səhnədə çox tez parladınız.
- Nicat Kazımov “Məlikməmməd” nağılı əsasında tamaşa hazırlamışdı. O tamaşada Məlikməmməd rolunu oynayırdım. O vaxtlar Loğman Kərimov Elçinin “Mahmud və Məryəm” əsərini səhnələşdirməyə hazırlaşırdı. Əmr vurulmuş, bütün rollar bölünmüşdü, amma Mahmud və Məryəm obrazlarının adının qarşısına boşluq işarəsi qoyulmuşdu. Tamaşanın ikinci rejissoru Məlikməmməd roluma baxıb dedi ki, istəyirik Mahmud rolunu sənə verək, bacararsanmı? Həyatımda hazır, hamar, döşənmiş yollar yoxdur. Çətin yolla getməyi xoşlayıram. Dedim, əlbəttə, bacararam. “Mahmud və Məryəm” tamaşasında Mahmud rolu mənim teatrda ilk böyük rolum oldu.
“Mahmud və Məryəm” Azərbaycan teatrında ilk dəfə səhnələşdirilirdi, heç kim Mahmud rolunu oynamamışdı, bir il qəzetlər ancaq bu tamaşa barədə yazdılar. Bu rola görə 1998-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin debüt aktyoru” nominasiyasında mükafatla təltif olundum. “Mahmud və Məryəm” mənim ilk uğurum oldu, Azərbaycan teatr ailəsi məni tanıdı. Ondan sonra aktyor həyatım başlandı. Rollar, rollar, rollar... Hər mövsümün axırı truppa müdirimiz Ələsgər müəllim məni təbrik edib deyir ki, bu il hamıdan çox sən oynamısan. 15 ildir belədir...
“Gənc Tamaşaçılar Teatrı məni hərtərəfli böyütdü”
- Siz o aktyorlardansınız ki, ənənəvi məktəb keçməmisiniz, səhnə sizin məktəbiniz olub.
- Ümumiyyətlə, teatr məktəbdir. Səhnə mənim üçün ən böyük məktəb oldu. Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verəndə artıq 10-12 rolum vardı, “Mahmud və Məryəm”də oynamışdım, “Məhv olmuş gündəliklər” televiziya tamaşasında çəkilmişdim. İmtahanlar test üsulu ilə keçirilirdi. Qabiliyyət imtahanını böyük sənətkarımız Şəfiqə Məmmədova götürürdü. 126 nəfərin içində iki nəfər - Mələk adlı bir qız və mən 4-5 qiymətlər aldıq.
- Mahmud kimi böyük roldan sonra sizi nələr gözlədi?
- Mahmud mənim sənət pasportum idi. Bu roldan sonra məsuliyyətim birə-yüz artdı. “Mahmud və Məryəm” pyesinin premyerasına millət vəkilləri, xalq artistləri, böyük sənətkarlar gəlmişdilər. Onlar dedilər ki, elə bil Mahmud kitab vərəqlərinin içindən düşüb, illüstrasiyalarda gördüyümüz Mahmuda oxşayır. Çox böyük qiymət idi və mənim ixtiyarım yox idi ondan sonra pis oynayım. Artıq öyrənmək dövrü başlandı. Aktyorluq 50 faiz istedaddan asılıdırsa, 50 faiz zəhmətə bağlıdır. Bəlkə də daha çox. Gənc Tamaşaçılar Teatrı məni hərtərəfli böyütdü. Səhər “Əlibaba və 40 quldur”da, axşam “Mahmud və Məryəm”də oynayırdım, ertəsi gün başqa bir tamaşanın məşqinə tələsirdim. Və ötən illər ərzində həmişə çalışmışam ki, rollarımın biri digərindən zəif olmasın.
- Metroda, avtobusda, yolda əlinizdə daima kitab görürük. Sizin səhnədən kənar belə bir obrazınız da var...
- Qarşımda məqsəd qoydum ki, mütləq oxumalıyam, öyrənməliyəm. Dünyanın və Azərbaycanın teatr tarixini öyrənməli idim. Teatrda hər şeyi gərək özün öyrənəsən. Görə-görə, rastlaşa-rastlaşa. Teatr tarixinə dair Azərbaycan dilində nə varsa oxudum, rus dilini mükəmməl öyrəndim, bu dildə mətnlər səsləndirdim, şeirlər oxudum, tamaşalarda oynadım. Necə deyərlər, özüm özümü yapdım. Mənə göstərilən etimadı doğrultmalı idim.
“Teatra xəyanət etməyə qorxuram”
- Elə gənclər var ki, səhnəyə yalnız populyar olmaq üçün gəlirlər. Siz o gənclərdən seçildiniz. Tamam fərqli, sufiliyə yaxın bir yol seçdiniz.
- Heç vaxt gördüyüm işi “xaltura” eləmək istəmirəm. İstəyirəm, imzam olan iş seçilsin. Demirəm, bu tam mükəmməldir, dahiyanədir, yox, vicdanımın qarşısında özüm-özümə hesabat verirəm. Teatr səhnəsi mənim üçün doğrudan da müqəddəsdir.
Populyarlıq arzusunda olmuşam. Uşaq vaxtı. O mərhələni çoxdan keçmişəm. Başa düşmüşəm ki, populyarlıq müvəqqətidir. Dünya miqyaslı sənətkarların yaradıcılığı ilə tanış olandan sonra görmüşəm ki, onların öz yolları olub və bir də inandıqları qüvvə. Əgər fəhlə ailəsində dünyaya gələn Vüsal birdən-birə səhnəyə gəlib çıxırsa, pis-yaxşı, az-çox nəyəsə nail olursa, bu mənim iradəm deyil. O böyük qüvvə məsləhət görüb ki, aktyor olum, içimə qabiliyyət qoyub məni teatra gətirib, məsləhət görüb ki, mən bu yol ilə gedim. Bütün dünyanın böyük işlərini fəda edərəm teatrın bir məşqinə. Seriallara, televiziyalara, radioya çağırırlar, məndən heç kəs inciməsin, əgər tamaşanın məşqi varsa, çəkilişə yox, məşqə gedəcəyəm. Mən teatra xəyanət etməyə qorxuram. Səhnəyə özünü yüz faiz fəda etməsən, səhnə səni göstərməyəcək. Ona görə də səhnə mənim üçün hər şeydən vacibdir.
- Gənc Tamaşaçılar Teatrında sənətlə yanaşı, həyat yoldaşınızı da tapmısınız...
- Allahıma minnətdaram ki, yolumu teatrdan saldı və yoluma belə bir insan çıxardı. Sevinc yaxşı aktrisadır, səhnədə mənim ilk tərəf-müqabilim olub. Mən də ona səhnədə vurulmuşam. Biz əvvəlcə dost olmuşuq, 8 ildən sonra ailə qurmuşuq. Biz bu teatrda birgə çalışırıq, teatrı sevirik və bu yolda birgə addımlayırıq.
- Bütün qəlbi ilə teatra bağlı olan gənc aktyor, yəqin ki, bunun qarşılığını da gözləyir?
- Dolanışıqda çətinliklərim olub, amma naşükürlük edə bilmərəm, Gənc Tamaşaçılar Teatrına gələndən normal pul qazanıram. Gənc aktyorlar şənliklərə kloun kimi dəvət olunur. Bəziləri deyir niyə gedirlər? Getməlidirlər. Mən də getmişəm. O vaxtlar cəmi 5-6 aktyor - Dövlət Pantomima Teatrından Pərviz, Qurban, Mehman, Azər Axşam, Xəqani və bir də mən kloun kimi şənliklərdə iştirak edirdik. Əslində orda da müəyyən bir auditoriya var. Gənc aktyor mütləq ora-bura qaçmalıdır, çalışmalıdır ki, bişsin, öyrənsin.
“İstərdim, gələcəkdə öz teatrım olsun”
- Tamaşada bəzən ən epizodik rolunuz belə yadda qalır. Buna necə nail olursunuz?
- Əgər aktyor səhnədə kiçik bir obrazı qabarda bilmirsə, bu, onun günahıdır. Bütün qüvvəmi, beynimi, ruhumu səfərbər edirəm ki, rol görsənsin, həyati olsun. Rejissorumuz Cənnət Səlimova da deyir ki, sənin rola yanaşman fərqlidir. Mən rolumla bir insan kimi oturub danışıram. Düşünürəm necə edim ki, maraqlı olsun. “Hacı Qara” tamaşasında kiçik bir rol oynayıram. Cəmi dörd cümləsi var, ancaq o dörd cümlədə özünü göstərməlisən.
- Bu mövsüm yaradıcılığınızda nələrlə zəngin oldu?
- Mövsüm mənim üçün məhsuldar oldu. Bir neçə tamaşa təhvil verdik. Cənnət xanım “Romeo və Cülyetta”da mənə Tibalt rolunu verdi. Bu, rejissorumuzun mənə çox böyük etimadı idi. “Şeyx Sənan”da dərviş rolunu oynadım. Bu yaxınlarda Nicat Kazımov rumın yazıçısı Matr Vişnekin “Qoca kloun” tamaşasını hazırladı. Biz o tamaşada 73-75 yaşlı qoca kloun obrazlarını oynayırdıq. “Müsyö Jordan və dərviş Məstəli şah”da dərvişi oynayıram. Hazırda “Şahzadə Xəzər” tamaşasının məşqləri gedir. Bu tamaşanı da Nicat müəllim hazırlayır. Bol, zəngin bir il yaşamışıq. Hər teatr mövsümünün sonunda aktyor özünə hesabat verir. Görürəm ki, mən boş durmamışam.
- Siz həm də qiraət ustası kimi tanınırsınız.
- Aktyorun qulağı çox “böyük” olmalıdır. Mənə danışmağı, bədii qiraəti - Allah qəni-qəni rəhmət eləsin - Mikayıl Mirzə öyrədib. O, birbaşa öyrətmək deyil, bu, mənim öyrənməyimdir. Mən hər bir vurğunu Həsən Əblucdan, Mikayıl Mirzədən, Səməndər Rzayevdən qulağımda saxlamışam. Bir də şeir, qəzəl mənə çox yaxındır. Qəzəl mənim içimdədir, ən böyük dərdimi qəzəllə deyə bilərəm.
- Vüsal Mehrəliyev sənətdə hansı nöqtəyə doğru yol gedir?
- Aktyor sənəti o qədər zəngindir ki, mən heç onun başlanğıcında deyiləm. Baxmayaraq ki, 20 ilə yaxındır ki, Gənc Tamaşaçılar Teatrında çalışıram, dublyaja gedirəm, başqa teatrlarda tamaşaya dəvət edirlər, Sumqayıt teatrında rəqs, döyüş səhnələrinin quruluşunu verirəm, bir çox bölgə teatrları ilə sıx əməkdaşlığım var. İstəyirəm, gələcəkdə Azərbaycan teatrının bütün özündən deyən, zəhmət çəkən aktyorlarının öz teatrları olsun. Mən də vaxtı çatanda 5-6 nəfər istedadlı gənci başıma yığıb öyrəndiklərimi onlarla bölüşüm. Sənətin sonsuz, bitməz olduğunu bilsəm də, nə qədər ki, teatrdayam, istəyirəm bu sənətin zirvəsinə doğru gedim.
Təranə Vahid