İyulun 8-də Dövlət Pantomima Teatrının səhnəsində “No comment” (“Şərhsiz”) tamaşası nümayiş olundu.
Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, rejissorlar Bəhruz Əhmədli və Əflatun Abdullayevin birgə quruluş verdikləri tamaşada konkret ideya yoxdur. Bəhruz Əhmədlinin sözlərinə görə, burada hər tamaşaçıya yaxın hisslər var: “Hər kəs özünü burada görə bilər. Çünki hadisələr reallığa söykənir və ayrı-ayrı həyat hadisələrini əhatə edir”.
Tamaşa şərh verilməsi mümkün olmayan həyat reallıqlarının səhnə təcəssümündən ibarətdir. Kiçik hissələrdən ibarət tamaşada insan həyatı, cəmiyyət göstərilir. Nə etməyindən, nə cür yaşamağından asılı olmayaraq, sonda səni həyatın sonu, ölüm gözləyir.
Tamaşanın digər rejissoru Əflatun Abdullayev hər hadisəyə fərqli və çoxşaxəli baxışın olduğunu dedi: “Bu bir növ yaradıcı axtarışdır. Hər nömrənin rejissoru öz yozumunu göstərməyə çalışıb. Buna görə də ümumilikdə nömrələri “Şərhsiz” adlandırdıq”.
Boz və qara ab-hava tamaşa boyu hökm sürür. Qətl səhnələri, atılmış klounlar, əqli və ruhi xəstə insanlar toplusu mənasız yaşamı qabardır. Minor musiqinin müşayiəti, boz-qara geyimlər, qara fonlu boş səhnə tamaşanın təsir gücünü artırır.
Əvvəldə göstərilən quru ağac sonda yaşıllaşır. Bu da səhnə əsərinə postmodernist yanaşmadan çıxaraq humanistlik fikri gətirmiş olur.
Tamaşanın rəssamı Sənubər Səmədova, musiqi tərtibatçıları Bəhruz Əhmədli, Əflatun Abdullayev, plastik həll üzrə rejissor Bəxtiyar Xanızadədir.
Rolları Əməkdar artist Nargilə Qəribova, Elnur İsmayılzadə, Ceyhun Dadaşov, Əli Əlizadə, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Səbirə Həsənova və digərləri oynayırlar.
Reyhan