Artıq incəsənət dünyasında teatr mövsümünün sonu yaxınlaşsa da, yeni-yeni tamaşaların premyeraları hələ də təşkil olunmaqdadır.
   
   Təmirdən sonra mövsüm müddətində daha da həvəslə işləyən Mingəçevir Dövlət Dram Teatrının kollektivi bu dəfə Bakıdan dəvət olunmuş gənc rejissor İradə Gözəlovanın quruluş verdiyi “Min bir gecə” adlı səhnə əsəri ilə tamaşaçıları sevindirdi. Şərq dünyasının sirli-sehrli aləmini özündə əks etdirən bu tamaşada “Min bir gecə” nağılından “Çəkməçi Məruf haqqında ibrətamiz hekayə” səhnələşdirilib. Şərqin özünəməxsus koloriti müasirliyin sintezinə nail olan istedadlı rejissor İradə Gözəlova ilə quruluşçu rəssam Mustafa Mustafayevin orijinal fikirləri baxımlı bir səhnə əsərinin yaranmasına xidmət edib.
   Hər bir obrazın xarakterini asanlıqla, aydın formada sərgiləyən yüksək zövqlə tikilmiş kostyumlar, səhnədə hərəkət dinamikasının emosionallığını artıran musiqilər tamaşanın təsir gücünü daha da çoxaldır. Bunu hər səhnədən sonra zalda səslənən tamaşaçı alqışlarından da sezmək olurdu.
   Dövlət sifarişi ilə hazırlanan tamaşada Şıxı Məmmədov, Elmira İbrahimova, Asim Əmirov, Asim Məmmədov, Sevinc Şirinova, Ceyhun Əhmədov, Afət Əliyeva, Firuz Hacıyev yüksək səviyyəli aktyor oyunu nümayiş etdirdilər. Tamaşanın musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Gülnarə Məhərrəmovadır. Premyeradan sonra çıxış edən Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov artıq bu səhnə əsəri ilə teatrın cari mövsümü bağladığını elan etdi.
   Yeni mövsümdə daha da maraqlı tamaşaların hazırlanacağını, tamaşaçı zövqünün həmişə əsas meyar olacağını söyləyən direktor uğurlu səhnə əsərinə görə gənc rejissoru təbrik etdi, tamaşaçılara isə sürəkli alqışlara görə təşəkkürünü bildirdi.
   Bu da daha bir teatr mövsümünün sonu. Əslində isə bu yeni bir başlanğıc deməkdir...
   
   Esmira Hacıyeva