Xəbər verdiyimiz kimi, sentyabrın 6-13-də Başqırdıstanın paytaxtı Ufa şəhərində türkdilli xalqların V Beynəlxalq “Tuqanlıq” teatr festivalı keçiriləcək. Festivalda Dağıstanın Kumık Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi İslam Kazıyevdir. Qeyd edək ki, ötən ilin mart ayından Kumık teatrında oynanılan əsərin bütün tamaşaları anşlaqla keçib.
Əli Əmirlinin 1999-cu ildə qələmə aldığı “Varlı qadın” əsəri indiyədək Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan teatrlarında rus və türk dillərində tamaşaya qoyulub. Orta Asiya ölkələrinin Almatı şəhərində keçirilən II Beynəlxalq teatr festivalında Tacikistanın M.Vohidov adına Dövlət Gənclər Teatrı “Varlı qadın” tamaşası ilə çıxış edərək iki nominasiya üzrə qızıl medala layiq görülüb.