Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümə yekun vurdu
   
   İyulun 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son səhnə əsəri olan “Rəvayəti-Şahzadeyi-Xəzər” tamaşasına ictimai baxış keçirildi.
   
   Pyesin müəllifləri gənc dramaturq Kamran Ağabalayev və teatrın rejissoru, aktyor Nicat Kazımovdur. İkihissəli mistik dramda rəqslərə N.Kazımov quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Döyüş səhnələri və tryukların quruluşu isə İsa Əsədova həvalə edilib.
   Tamaşa qədim xalq nağıllarımız əsasında səhnələşdirilib. Səhnə əsərində xalq artistləri Ağaxan Salmanlı, Əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Nigar Məmmədova, Səfa Mehdi, Asya Atakişiyeva və digərləri rol alıblar. Bununla da maraqlı tamaşaları, yaddaqalan layihələri ilə seçilən Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümünə yekun vurub.
   Teatrdan verilən məlumata görə, sənət ocağı 85-ci mövsümü sentyabrın 22-də M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə açacaq. Bu tamaşa ilə yanaşı, “Rəvayəti-Şahzadeyi-Xəzər” əsəri də mövsümün ilk premyerası olacaq.    

   Lalə Azəri