Teatr-studiyanın sənət hesabatı
   
   “Mən, sən, bir də Vətən!” - bu əzəmətli şüar bu günlər Mingəçevir Dövlət Dram Teatrının səhnəsindən eşidildi. Vətənə məhəbbət, səhnəyə maraq, sənətə həvəs teatrın nəzdində fəaliyyət göstərən “İnam” teatr-studiyasının 1-ci kurs üzvlərinin hazırladıqları tamaşada daha da əzəmətli və emosional səslənirdi.
   
   Ssenari müəllifi teatr-studiyanın rəhbəri, Xalq artisti Zülfüqar Abbasov olan tamaşaya İsa Alimov quruluş verib. İnsanlıq, dostluq və vətənpərvərlik kimi keyfiyyətlər tamaşanın əsas süjet xəttini təşkil edir.
   10 aydır fəaliyyət göstərən teatr-studiyanın müəllim və tələbə heyətinin hazırladığı bu tamaşa bir növ sənət hesabatı idi. Dəfələrlə Bakıdan dəvət olunmuş yaradıcı insanlardan ustad dərsləri alan gənc aktyorların çıxışında məsuliyyətdən irəli gələn həyəcan hiss olunmaqda idi. Cəmiyyətdəki təbəqələşməni obrazların dili ilə tamaşaçılara çatdırmağa çalışan kurs üzvlərinin aktyor oyunu maraqla qarşılandı. Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, kursun müəllimlərindən Əməkdar artist Ella Yaqubova, Afət Əliyeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rizvan Mikayıllı, Mingəçevir Turizm Kollecinin direktor müavini Əşrəf Əsgərov və başqaları tamaşa barədə fikirlərini söylədilər, studiyaya uğurlar arzuladılar.
   Beləcə, Mingəçevir Dövlət Dram Teatrının repertuarına daha bir səhnə əsəri əlavə olundu. Bu, “İnam” studiyasının “Mən, sən, bir də Vətən!” deyə tamaşaçıya mübarizlik ruhu aşılayan psixoloji tamaşası idi. Kurs üzvlərinin yekun işi teatrsevərlərin qəlbini fərəh hissi ilə kövrəltdi. Artıq ikinci kursun üzvü olmaq vəsiqəsi qazanan Asim Əmirov, Sevinc Şirinova, Eyvaz Əliyev, Amil Fərzəliyev, Hüseyn Mustafayev, İlahə Bayramova, Pərvanə Qurbanova, İlqar Rəhimov, Şamil Əliyev onlara inam və ümid bəsləyən teatrın rəhbərliyinə və yaradıcı insanlara sonsuz sevinc hissi yaşatdılar. Bu, Mingəçevir Dövlət Dram Teatrında istedadlı gənc aktyor truppasının formalaşmasından xəbər verir.
   
   Esmira Hacıyeva