Ölkənin teatrları yeni mövsümün açılışına hazırlaşırlar. Dövlət Akademik Milli Dram Teatrı son illərin ənənəsinə sadiq qalaraq, yeni 140-cı mövsümü Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamələr” (“Hökmdar və qızı”) əsərinin tamaşası ilə açacaq. Tamaşaya Mərahim Fərzəlibəyov quruluş verib.
Dövlət Musiqili Komediya Teatrı 103-cü teatr mövsümünə sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının tamaşası ilə start verəcək. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur. Teatr sentyabr ayının repertuarını da hazırlayıb. Sentyabrın 22-də C.Quliyev, Ə.Əmirlinin “Yeddi məhbusə anası”, 23-də S.Ələsgərov, İ.Məlikzadənin “Hərənin öz ulduzu”, 24-də N.V.Qoqolun “Evlənmə”, 29-da R.Mirişli, M.Haqverdiyevin “Amerikalı kürəkən”, 30-da isə R.Mirişli, M.Haqverdiyevin ”Qısqanc ürəklər” tamaşası nümayiş olunacaq.
Pantomim Teatrı sentyabrın 22-də “No comment” (“Şərhsiz”) tamaşası ilə mövsümü açacaq. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artist Nargilə Qəribova, aktyorlar Elnur İsmayılzadə, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Nurlan Rüstəmov oynayır. Sentyabr ayı ərzində teatrda “Pantomim buketi”, “Adsız”, “Dəli Domrul” tamaşaları da nümayiş olunacaq. Yaradıcı heyət yeni tamaşa üzərində də çalışır.
Musiqili Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 13-də açacaq. Yaradıcı heyət Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini təqdim edəcək. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada rolları İqrar Salamov, Azad Məmmədov, Şükufə Musayeva, Püstəxanım Zeynalova, Nazir Rüstəmov və başqaları ifa edir.