Namiq Ağayev: “Tamaşaçı həmişə sevgiyə inanmaq istəyir. Maraqlıdır ki, tamaşadakı ölümə inanmır, deyir - yalandan ölürlər. Amma sevgiyə inanır. Bu bizim gücümüzdür”
   
   Müsahibimiz Akademik Milli Dram Teatrında «Qanlı Nigar»dan sonra ikinci uğurlu tamaşanı - «Napoleon»u bu günlərdə tamaşaçılara təhvil vermiş rejissor Namiq Ağayevdir. Onunla kino, teatr, tamaşaçı barədə söhbət etdik.
   
   - Namiq müəllim, quruluş verdiyiniz «Napoleon» tamaşasının ilk nümayişi oldu. Nəticədən razı qaldınızmı?
   - Prosesdən də, nəticədən də razı qaldım. Oqtay Mehdiyev də (Napoleon), Zemfira Nərimanova da (Jozefina), Sabir Məmmədov, Elşən Rüstəmov, digər aktyorların da oyunu yaxşı idi...
   - Tamaşa içində bir “kukla səhnəciyi” vardı. Məncə, bu pyesdə yoxdur...
   - Jozefinanın polyak qızı ilə söhbəti bir qədər ölü səhnə idi, mən kuklalarla bunu canlandırdım. Məncə, kənardan yamaq kimi görünmürdü. Napoleon dövründə kuklalarla belə mövzular oynanılırdı. Həm də burada belə səhnəciyə ehtiyac vardı: «Jozefina yalandan hamiləymiş kimi görünməlidir» yalan-oyununu tamaşaçı yaxşı başa düşsün deyə.
   - Siz kukla tamaşaları da hazırlamısınız. Kuklalarla və canlı aktyorlarla işləməyin nə qədər fərqi var?
   - Maraqlı odur ki, kukla teatrında kuklaları yalnız pozitiv enerjili aktyorlar oynatmalıdır. Məsələn, dram teatrında aqressiv rolları aqressiv aktyorlar oynaya bilər, amma kukla teatrında bu keçərli deyil. Kukla teatrında mənfi enerjili aktyor kuklanı dirildə bilmir. Bu, bir az böyük çıxmasın, yaratmaq, əşyaya ruh vermək, can vermək kimidir. Əslində, kukla teatrına rejissor, aktyor, rəssam bölgüsü düz deyil. Kuklaçı deyilən biri hər şeyi etməlidir. Rejissorluğu da, rəssamlığı da. Amma teatr sənəti industriyallaşdıqca bu bölgülər yaranıb və mən bunun əleyhinə deyiləm. Hərçənd baş rejissor olanda bu prosesdə dəyişiklik etdim. Rəssam, aktyor, mətn müəllifi, bəstəkar, rejissor yığışır, eyni vaxtda mövzu seçir, mətn yazırdıq, rəssamla obrazı düşünüb yaradırdıq və tamaşa hasilə gəlirdi. Amma normalda əvvəlcə mətn yazılır, rəssam eskizlər hazırlayır, sonra isə aktyorlar bu kuklaları əlinə götürür və mətnlə tanış olurdu. Mən bunu qəbul etmirdim.
   Tarixdə o teatrlar qalır, aktuallığını qoruyur ki, teatrlarda bu proseslər birgə həyata keçirilib, mərhələ-mərhələ yox. Onlar mövzunu götürüb hamılıqla birgə işləyiblər. Bunu hazırda Pantomima, “Yuğ” teatrı, demək olar ki, edir.
   - Ümumiyyətlə, proses necədir? Siz özünüzə yaxın olan, sizə toxunan mövzunu götürüb ona uyğun əsər seçirsiniz? Yoxsa sifariş verilir və siz iş kimi buna başlayırsınız?
   - Teatrımızın direktoru İsrafil İsrafilov yaradıcı insandır. O, məndən soruşanda ki, hansı əsəri tamaşaya qoymaq istəyirsən, dedim, o qədər tamaşaya qoymaq istədiyim əsər var ki. Mən buna bir az mistik yanaşıram. Yəni qismət məsələsi. «Qanlı Nigar» istədiyim kimi oldu. Orada karnaval estetikasını işlədim, bu əsər əsl mən istəyən oldu. «Napoleon» ondan da yaxşı. Bir seçimi taleyə buraxırsan və o səni seçir. Bu da bir fəhmdir. Bəlkə üçüncü dəfə tamaşa versələr, yenə də deyəcəyəm «ax, nə yaxşı bu oldu». Bütün əsərlərin cövhəri eynidir - eşq, mübarizə, müharibə, xeyir, şər...
   - Mistikadan söz düşmüşkən, teatrın özünün qəribə mistikası, vahiməsi olur. O da ola ənənəvi, klassik bir teatr. Hətta binanın özündə belə. Axı enerji itmir, o aktyora, rejissora, hətta divara belə hopur. Belə bir şey hiss etmisiniz?
   - Təbii ki. Akademik Milli Dram Teatrı monumentallığı ilə fərqlənib. Burada böyük şəxsiyyətlər işləyib. Mən o mistikanı hiss edirəm. Amma bu səhnəyə həm də böyük stadion kimi baxıram. Balaca otaqda eksperimentlər aparmaq olar, amma böyük zalda, həm də o mistik ab-havalı zalda nəfəsiniz çatacaqmı? Mən hətta zarafatla başqa teatrlardan gələn aktyorlara deyirəm ki, öz prinsiplərinizi bir qırağa qoyun, burada canınızı qurtarsanız, böyük işdir. Akademik teatrın hər bir aktyoruna, istedadından asılı olmayaraq, cəngavər kimi baxıram.
   - Tamaşaçı ilə aranızda nə hiss edirsiniz? Məqsədiniz nədir - öz dünyanızı, düşüncələrinizi, təqdim etmək, ya mesaj vermək?
   - Əsas olan sağlam enerji verməkdir. Deyirlər ki, sənətdə resept olmaz, amma mən bunu az qala resept kimi deyirəm. Tamaşaçıya yalnız xoş hislər, müsbət enerji vermək lazımdır. Qətiyyən, prinsipial olaraq, «tamaşaçının səviyyəsi, teatrın səviyyəsi» kimi ayrıntı yaradan söhbətlərin əleyhinəyəm. Bu, teatrda bir təkəbbür yaradır. Bəzən görürsən ki, heç bir mənəvi dünyası olmayan adamlar da deyirlər ki, xalqı öz səviyyəmizə qaldırmalıyıq və ya onun səviyyəsinə enməyək və s. Bu, düzgün olmayan söhbətdir. İnanın, elə tamaşaçı ola bilər ki, həyatdan dərs keçər aktyora, rejissora.
   Ümumiyyətlə, «tamaşaçı səviyyəsi» deyilən bir anlayış yoxdur. Şimal ölkələrində, Skandinaviyada belə bir janr yaranmışdı - psixoloji teatr. Bu həm də şəraitdən qaynaqlanan bir janr idi. Onlar sobanın ətrafına yığışıb psixoloji, həssas məqamları mövzu edən tamaşalar yaradırdılar. Abstrakt mövzulardan dövlət quruluşu ilə bağlı məsələlərə də gedib çıxa bilirdilər. Cənub ölkələri isə musiqili, vizual tamaşaları sevirlər. Bu sözsüz ki, coğrafi spesifikamızdan irəli gəlir. Mən teatrın bütün elementlərindən istifadə etməyi sevirəm. Vizual görüntü, musiqi, kukla səhnəciyi... Mənim müəllimlərim - Tofiq Kazımov, Mehdi Məmmədov, Elmira Şabanova belə tamaşalar hazırlayırdılar.
   Mehdi Məmmədov «Dəli yığıncağı»nda kukladan istifadə edib. Xordan istifadə edib. Tofiq Kazımov canlı musiqidən istifadə edirdi. Aktyorlar, aktrisalar canlı oxuyurdu. Bizim yeganə etməli olduğumuz şey tamaşaçıya sağlam, xoş enerji ötürməkdir. Onu qaranlıq, bəd düşüncələrə sövq etmək yox, sağlam enerjiyə, aydınlığa yönəltmək. Bunun üçün biz özümüz də ruhən sağlam olmalıyıq. Mesaj ötürməyə qalsa, o məlumatı internetdən ala bilər. Napoleonun tarixini oxuyar. Şekspir də yaşı artdıqca pozitiv enerjili sənət məhsullarına önəm verib. İnsanlara yaşam gücü vermək.
   Mənim sevdiyim rejissor Antonen Artonun bir yolu vardı. O, teatrda tamaşaçının canında cinləri oynadırdı. Amma bu sarsıntı və şoklarla tamaşaçıda katarsisə, mənəvi təmizlənməyə nail olurdu.
   - Onda biz «teatr tərbiyə edir» deyiləndə qıcıq olmamalıyıq...
   - Əlbəttə, teatr tərbiyə edir, amma hərfi mənada yox, bu terapevtik tərbiyədir.
   - Həyatınızda sizi şok terapiya edən, iliklərinizə qədər sarsıdan filmlər, kitablar, tamaşalar hansıdır?
   - «Dəli yığıncağı» məni bu mənada çox təsirləndirib. Mənim üçün bu bir plankadır, zirvədir. Bilirsiniz, dünya kinosunda bir dövr oldu ki, cərəyanların dəyişən bir vaxtı bütövləşməmiş insanlar şəxsiyyətlər oldu, onlar filmlər çəkdilər, nə ötürmələrindən asılı olmadan dəst-xətləri maraqlı idi. Amma indi, qloballaşma dövründə tarixə nəzər salanda şəxsiyyəti görmək istəyirsən. Necə ki, muğamatçılar pis oxuyanları görəndə əsəbiləşir, qıcıq olurlar, mənə elə gəlir ki, Spilberq, Oliver Stoun, Koppola da Tarantinoya baxanda əsəbiləşirlər. Yəni maraqlı, amma mesajı olmayan rejissorlar çoxdur. Mən həm mühafizəkaram, həm də avanqardam. Mənim teatr formulum budur. Maksimal skeptiklik və maksimal romantikliklə bir arada.
   - Teatr və kino ilə eyni vaxtda məşğul olursunuz. Fərqli proseslərdir...
   - Teatrda durmadan aktyorlardan qidalanırsan. Kinoda istehsal şərtləri çoxdur. Hər şeylə məşğul olmalısan. İqtisadi problemlərlə məşğul olmalı olursan. Epizodları ard-arda düzüb çəkəndə, ayrı-ayrı çəkilmiş kadrlardan yığılan film komiksə bənzəyir. Ona görədir ki, rejissorlar mizan qurmurlar, aktyoru meydançada güzəştli şərtlərlə çəkirlər. Məsələn, aktyor oturmalıdır, amma gəzərkən çəkə bilərlər...
   Şəxsən mən teatrda daha çox rahatam, balıq suda olan kimiyəm. Kino elədir ki, filmlərin arasında fasilə, boşluq çox olur. Depressiya yaradan boşluqlardır. Böyük rejissorlarımız illərlə film çəkməyiblər, teatrda belə deyil, nə vaxt istəsən, işləyə bilərsən. Kino iddialarından əl çəkmədən, zövq ala-ala teatrla da məşğul olursan. Kino çəkmək çox əziyyətlidir, böyük güc lazımdır. Mən o gücü teatrdan alıram. Güc toplayıb kinoya həmlə edəcəyəm (gülür).
   - Deyəsən, paralel olaraq həm də nəsə çəkirsiniz?
   - İndi “Azərbaycantelefilm”də gözəl yazıçımız Fərman Kərimzadə haqda film çəkirəm. Orada bədii canlandırmalar var. İrəvan xanlığı sənədli filmini təhvil verdim. Cəngavərlik mənim sevdiyim tərzdir, tam olmasa da, bir çox detalları istədiyim kimi göstərdim bu filmdə. Xoşbəxt oldum. Amma kinomuza hələ də öz töhfələrimi vermək fikrim var.
   - İnformasiya texnologiyalarını, sosial şəbəkələri teatr kimi canlı, ruhsal sənətlə qarşılaşdırırlar. Teatrın bunların qarşısında keçirdiyi bir qorxu varmı, sizcə?
   - Bu, qorxaq, zəif teatrların keçirdiyi hislərdir. Teatr və darıxdırıcılıq bir-birindən uzaq olmalıdır. «Teatr fəlsəfəsi» anlayışı yoxdur. Şekspir dövrünün «action» pyeslərini yazıb. Teatr həmişə gəlir gətirən bir sahə olub. Sponsorlar da elə bilir ki, teatr darıxdırıcıdır və rejissor da tamaşaçının səviyyəsindən narazıdır. Əksinə internet, sosial şəbəkələr, telekanallar, audiovizual imkanlar artdıqca bunun teatra böyük xeyri dəyir. Zəif teatrlar sıradan çıxır və nəyin nə olduğu aydınlaşır. Yalnız yaxşı teatrlar davam gətirir. Odur ki, əsl sənətlə məşğul olanlar həmişə yaşayacaq.
   - Teatr üçün qarşıda nə planlarınız, ideyalarınız var?
   - Mövzu sevgidir. Həqiqətən sevgini göstərəndə tamaşaçını inandırmaq olur. Biz istəyirik, tamaşaçı sevgiyə inansın. «Qanlı Nigar»da, «Napoleon»da tamaşaçını buna inandırmağa çalışmışıq. Tamaşaçı həmişə sevgiyə inanmaq istəyir. Maraqlıdır ki, tamaşadakı ölümə inanmır, deyir - yalandan ölürlər. Amma sevgiyə inanır. Bu bizim gücümüzdür.
   
   Aliyə