Oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

    Tədbir rejissorun vaxtilə quruluş verdiyi “Qaraca qız” tamaşasından parça ilə başlandı. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar səhnəyə çıxaraq sənətkarın həyat və yaradıcılığı haqqında söz açdı. “Ötən ilin son gecəsi” əsəri ilə teatrda ilk addımlarını atdığını deyən yazıçı qeyd etdi ki, onun ilk tamaşasının rejissoru məhz Ulduz xanım olmuşdur.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin estrada orkestrinin solisti İntiqam Kərimov gecəyə mahnı payı ilə qatılmışdı. O, çıxışından sonra əziz müəlliməsini yad etdi: “Ulduz xanımın son tələbələrindən biri olmuşam, sənət aləmində o mənim mənəvi anam idi. Onun əziz xatirəsi qəlbimdə həmişə yaşayır”.
   Teatrın aktyorlarından xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, rejissor, Xalq artisti Cənnət Səlimova, Əməkdar artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər.
   Çıxışlarda qeyd edildi ki, Azərbaycan teatrına yeni adların, yeni müəlliflərin gəlməsində, uşaq tamaşalarının hazırlanmasında Ulduz Əliyeva-Rəfilinin böyük rolu olmuşdur. 1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyətə başlayan sənətkar bu illər ərzində 50-dən artıq tamaşaya quruluş vermişdir: “Qavroş” (V.Hüqo), “Şirin bala bal yığır” (S.Qədirzadə, “Dovşanın ad günü” (X.Əlibəyli), “Dan ulduzu” (C.Məmmədov), “İki ağanın bir nökəri” (K.Haldoni), “Rübailər aləmində” (M.Təhmasib), “Ötən ilin son gecəsi” (Anar), “Qaraca qız” (S.S.Axundov), “Mənim nəğməkar bibim” (Ə.Əylisli) və s. Həmin tamaşalar bir sıra ölkələrdə keçirilən qastrollarda uğur əldə etmişdir.
   Daha sonra teatrın aktyorlarının ifasında rejissorun vaxtilə quruluş verdiyi tamaşalardan parçalar nümayiş etdirildi. Tədbiri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov hazırlamışdı.
   
   Lalə Azəri