“Biz iki il bundan öncə verdiyimiz sözə sadiq qaldıq, ikinci dəfə dünyanın teatr bilicilərini, bu işin peşəkarlarını fikir, təcrübə mübadiləsi, sənət mübahisələri aparmaq üçün bir araya gətirdik”
   
   II Bakı Beynəlxalq Teatr Konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin çıxışı.
   
   Hörmətli konfrans iştirakçıları!
   Əziz qonaqlar!

   
   Sizi - II Bakı Beynəlxalq Teatr Konfransı iştirakçılarını ürəkdən salamlayır, “Azərbaycana xoş gəlmişsiniz!” - deyirəm.
   Dünyanın tanınmış teatr sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir əsrin teatr proseslərini araşdırması bizim hamımız üçün önəmlidir. Elə ona görə də belə bir dəyərli layihənin Bakıda gerçəkləşməsi bizdə böyük qürur hissi doğurur.
   «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı II Bakı Beynəlxalq Teatr Konfransına Rusiyadan, Gürcüstandan, Türkiyədən, Almaniyadan, Avstriyadan, İngiltərədən, İsveçrədən, Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Braziliyadan, İtaliyadan, Sinqapurdan, Şri-Lankadan, Yunanıstandan, Sudandan, Fransadan, Estoniyadan, Litvadan, Polşadan, Slovakiyadan, Xorvatiyadan, Cənubi Afrika Respublikasından, Birləşmiş Ərəb Əmirliyindən, Küveytdən, Qətərdən, Misirdən, Qazaxıstandan, Qırğızıstandan, Moldovadan, Səudiyyə Ərəbistanından təşrif buyurmuş qonaqların hamısına ən səmimi arzularımı yetirirəm.
   II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan teatr prosesinin xüsusi əhəmiyyət kəs edən hadisəsidir. Biz iki il bundan öncə verdiyimiz sözə sadiq qaldıq, ikinci dəfə dünyanın teatr bilicilərini, bu işin peşəkarlarını fikir, təcrübə mübadiləsi, sənət mübahisələri aparmaq, müasir teatr prosesinin gedişatını təhlilə çəkmək üçün bir araya gətirdik. Güman edirəm ki, bu ənənəni uzun illər boyunca yaşatmağa gücümüz çatacaq. Çünki Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir.
   “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlanan II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Azərbaycan Respublikasında yürüdülən mədəniyyət siyasətinin əzəl mübtədası ölkələr, xalqlar, millətlər, hətta etnoslar, etnik qruplar arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-birilə görüşdürmək, onların aktiv dialoquna nail olmaqdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində gerçəkləşən II Bakı Beynəlxalq Teatr Konfransına dünyanın 35 ölkəsindən teatr tənqidçiləri, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər toplaşıblar. Bu ünlü sənət adamlarının bir məramı, bir məqsədi var: çağdaş teatrın problemlərinin çözülməsinə yardımçı olmaq, teatrın gələcəyini müəyyənləşdirmək. Lakin bütün bunlarla yanaşı, bir danılmaz həqiqət də var: tarixinin bütün inkişaf dönəmlərində teatrın əsas həll edəcəyi məsələ ünsiyyət problemidir. O teatr ki öz tamaşaçısı ilə dil tapa bilir, onunla danışa bilir, təmas qura bilir, məhz o teatr rəqabətə tab gətirib yaşaya bilir.
   Azərbaycanda teatr sənətinin çox qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, «Qaravəlli» tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
   XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yarandı. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir, bu il 200 illiyi təntənə ilə qeyd olunan Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı.
   Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının səhnələşdirilməsi Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. O vaxtdan 140 il keçir. Bu gün ölkəmizdə artıq 26 dövlət teatrı fəaliyyət göstərir.
   Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə ifadə olunmur. Bu gün ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu həm də Teatr Qanununun işlək mexanizminə dəlalət edir. Bu baxımdan müasir teatr formalarının maraqlı nümunəsi kimi «Üns» yaradıcılıq səhnəsinin fəaliyyətini qeyd etmək olar.
   2011-ci ilin noyabr ayında respublikamızda ilk dəfə olaraq UNİMA-nın və TÜRKSOY təşkilatının iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Bu festival 80 illik tarixə malik olan kukla teatrının yaradıcılıq həyatında birinci festival idi. Festivala 19 ölkədən 21 teatr qatılmışdı. Elə o ərəfələrdə Azərbaycan teatrı Beynəlxalq Teatr İnstitutu (BTİ), Beynəlxalq Kukla Teatrlarının Assosiasiyası (UNİMA) və Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Musiqili Teatrların Beynəlxalq Assosiasiyası kimi beynəlxalq təsisatlarda təmsil olunur. 2012-ci ilin fevralında Azərbaycanda ilk dəfə olaraq ASSİTEJ-in icra komitəsinin toplantısı keçirilmişdir.
   Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev teatr sənətinə həmişə böyük diqqətlə yanaşmışdır. Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlı olmuş, mədəniyyət və incəsənət xadimlərimiz bu dövrdə yaradıcılıq axtarışlarını məhz onun qayğısı sayəsində genişləndirməyə müvəffəq olmuşlar.
   Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Danılmaz faktdır ki, son illər ərzində Azərbaycan xalqının həyatında bir sıra uğurlu tarixi dəyişikliklər baş vermişdir. Ölkə rəhbərliyinin prinsipial, xalqımızın mənafeyini təmin edən xarici siyasətinin və həyata keçirdiyi müxtəlif tədbirlərin nəticəsində Azərbaycanın nüfuzu dünya miqyasında daha da artmış, beynəlxalq əlaqələri daha da genişlənmişdir.
   Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir.
   «Mədəniyyət haqqında» Qanun (6 fevral 1998), «Teatr və teatr fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu (29 dekabr 2006-cı il), «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» Sərəncam (2007-ci il) və nəhayət ölkə başçısının «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı (2009) milli teatrımıza göstərilən dövlət qayğısıdır.
   Proqram çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Mingəçevir Dövlət Dram Teatrının, Ağdam və Füzuli teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparıldı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası yaxın zamanlarda istismara veriləcəkdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası ilin sonunda təmirə dayandırılacaqdır.
   Biz daxili imkanlar hesabına Pantomima Teatrının bir hissəsini bərpa edib tamaşaçıların və teatrsevərlərin ixtiyarına vermişik. Sumqayıt teatrının 40 il ərzində həll olunmayan bina məsələsi köklü şəkildə həll olundu, teatrın bu gün artıq öz ünvanı və binası var. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyuldu və ölkə başçısının tapşırığına əsasən Dövlət Neft Şirkəti unikal bir binanı bu teatra verdi. Lap bu günlərdə Şuşa teatrının bina məsələsi həll olundu.
   Proqram çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrının, Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının, Pantomima Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Lənkəran Dövlət Dram Teatrının və Şəki Dövlət Dram Teatrının - bir sözlə 13 dövlət teatrının nəzdində studiyalar fəaliyyətə başladı.
   Bu gün ölkəmizdə öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - ordenlərə layiq görülür. Son beş il ərzində respublikamızda 77 nəfər sənət adamına Prezident təqaüdü, səhnə sənəti ilə məşğul olan 100 nəfərə Prezident mükafatı verilmiş, 62 nəfərə Xalq artisti, 76 nəfərə Əməkdar incəsənət xadimi, 253 nəfərə Əməkdar artist, 33 nəfərə Əməkdar rəssam, 136 nəfərə Əməkdar mədəniyyət işçisi fəxri adları verilmişdir.
   Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi «Zirvə» mükafatını təsis etmişdir. Sənət adamlarına 7 nominasiya üzrə hər biri 5000 manat məbləğində mükafat təqdim olunur.
   Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.
   Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq olmaz. Bu istiqamətdə də son illər xeyli canlanma duyulur. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində - Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Türkiyədə, Rusiyada, Tatarıstanda, Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə, Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada, Bolqarıstanda, Ukraynada, Türkmənistanda, Tacikistanda, Başqırdıstanda, İsveçrədə, Moldovada, Serbiyada, Fuceyrada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər.
   Azərbaycana xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlmişdir.
   Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar. Finlandiyadan Kamran Şahmərdan, Belarusdan Nataliya Başeva, Rusiyadan Beniamin Filştinski, Dmitri Bertman, Tatyana Melnikova, Aleksey Belyakoviç, Tatyana Tarakanova, İskəndər Sakayev, Sergey Qritsay, Serqey Yunqas, Vasili Medvedev, Nikolay Tretyak, Liliya Sabitova, Gürcüstandan Georgi Aleksidze, Qoça Kapanadze, Levan Tsuladze, Yelene Matsxonaşvili, Moldovadan Petru Vutkereu, Tacikistandan Sultan Usmanov, Özbəkistandan Firudun Səfərov, Ukraynadan Valentina Reka, Tatyana Borovik, Litvadan Jonas Vaytkus, Arturas Simonis, Straukayte Sandra, Alqardas Martinaytis tərəfindən hazırlanan tamaşalar böyük maraqla qarşılandı.
   2010-cu il noyabr ayının 12-dən 30-dək isə Bakıda ilk dəfə olaraq dünyada çox məşhur olan nüfuzlu A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının «İpək yolu» adlı mərhələsi keçirilmişdir. Festival çərçivəsində Kanadadan, Fransadan, Rusiyadan tanınmış teatr kollektivləri çıxış etmişlər. 2011-ci ildə ilk dəfə olaraq Beynəlxalq Kukla Teatrları Festivalı keçirilmişdir. Bundan başqa ölkəmizdə M.Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, Q.Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, Bakı Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
   Hörmətli konfrans iştirakçıları!
   1990-cı illərin əvvəllərində qonşu Ermənistan Respublikası ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən rəsmən tanınmış ərazilərimizin 20 faizindən çoxunu işğal etmişdir. Erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtmışlar. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən də yan keçməmişdir.
   Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşmüşdür. Bu teatrların yerləşdiyi binalar dağıdılmış, yandırılmış, əmlakı talan edilmişdir. Lakin bu teatrlar bu gün də fəaliyyətlərini davam etdirirlər.
   Bu gün Azərbaycanın qaynar mədəni həyatı var. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyanın tanınan mədəniyyət mərkəzinə çevirmişdir. Toplaşdığımız teatr konfransı da belə tədbirlər sırasındadır.
   Bizim məqsədimiz müasir qloballaşma parametrlərində insanları teatr salonlarına gətirmək, onları səmimi, açıq ünsiyyətə dəvət etməkdir. Yəni biz nə iş görürüksə görək, nədən danışırıqsa danışaq, hədəfdə yenə İnsandır, onun duyğuları, düşüncələri, yaşantılarıdır. Mən ümid edirəm ki, vaxtınız səmərəli, maraqlı, produktiv keçəcək və bu konfransdan sonra bizim hər birimizin daxili dünyası bir az da zənginləşəcək. Sizləri bir daha salamlayıram, qonaqlarımıza «Azərbaycana xoş gəlmişsiniz!» - deyirəm və bir daha II Bakı Beynəlxalq Teatr Konfransının işinə uğurlar arzulayıram!
   Sizləri, dünyanın ən ünlü teatr bilicilərini «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» mövzusuna həsr olunmuş Beynəlxalq Teatr Konfransında bir araya gətirdik ki, məhz qloballaşma dövründə teatrın bu gününü və gələcəyini müəyyən edə biləsiniz. Çünki Sizlər səhnə sənətini yaşadan, yenidən yaradan və inkişafa doğru aparan insanlarsınız.
   Ümid edirəm ki, dünyanın müxtəlif ölkələrini təmsil edən teatr mütəxəssislərinin qatıldığı bu konfrans bizim hamımız üçün maraqlı olacaq və dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatr tənqidçiləri, alimlər fikir mübadiləsi edəcək, mövcud problemlərin çözülməsində müzakirələr aparacaq, ölkələrimizin mədəni dostluq əlaqələrini daha da möhkəmləndirəcəklər.
   Məhz bu böyük töhfədə bizim də payımız olduğuna sevinərək, Sizi bir daha odlar yurdu Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə, ümumilikdə isə konfransın işinə uğurlar arzulayıram.