Məryəm Əlizadə,
   sənətşünaslıq doktoru, professor:

   
   - İlk növbədə onu qeyd etməliyik ki, dövlət dəstəyi olmadan bu cür möhtəşəm tədbirlərin həyata keçirilməsi mümkün deyil. Azərbaycan dövlətinin dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, ölkəmizdə çox nüfuzlu beynəlxalq teatr konfransı keçirilir. Bu konfrans imkan yaradır ki, dünya teatrlarında gedən proseslərlə yaxından tanış olaq, teatrşünaslarla, rejissorlarla, teatr rəhbərləri ilə müasir teatr mövzusunda fikir mübadiləsi aparaq, eyni zamanda öz imkanlarımızı yenidən dəyərləndirək.
   Biz uzun illər qapalı bir məkanda yaşamışıq. Azərbaycan müstəqillik qazanandan sonra iqtisadiyyatımız sürətlə inkişaf etməyə başladı. İqtisadiyyatla yanaşı, təhsil, mədəniyyət və demək olar ki, bütün sahələrdə inkişafın şahidi olduq. Teatr sahəsi də bu inkişafdan kənarda qalmadı. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatrımızın inkişafına təkan verdi ki, bu sahədəki zəngin ənənələri inkişaf etdirib gələcək nəsillərə ötürək. Eyni zamanda Azərbaycan teatrının dünya teatrlarına inteqrasiya etməsini qarşımıza məqsəd qoymuşuq. Əminliklə deyirəm ki, əgər bu proqram olmasaydı, biz bu möhtəşəm tədbirləri keçirə bilməzdik.
   Birinci konfransdan ötən müddətdə Azərbaycan teatrı dünyanın müxtəlif nüfuzlu teatr təşkilatlarına, assosiasiyalara üzv qəbul olunub. Biz tez-tez xarici ölkələrdəki konfranslarda iştirak edirik. Azərbaycan teatrı dünya teatr prosesindən kənarda qalmayıb. Dünya teatrları ilə tanış olduqdan sonra bu qənaətə gəlirik ki, bizim çox yüksək səviyyəli sənətkarlarımız, rejissorlarımız olub, aktyor sarıdan da Azərbaycan teatrının bəxti həmişə gətirib və bu gün də belədir.
   Eyni zamanda beynəlxalq konfranslar özümüzə yenidən qiymət verməyə, özümüzü yenidən dəyərləndirməyə imkan verir. Bu cür görüşlər teatrın inkişafına bir təkandır. 
   
   Aydın Talıbzadə,
   sənətşünaslıq elmləri namizədi, teatrşünas:
   

   - Mən bu konfransı alqışlayıram. Azərbaycan dövləti və ilk növbədə Mədəniyyət və Turizm Nazirliyi öz sözünə sadiq qaldı. Bakı beynəlxalq teatr konfransı ənənəyə çevrildi. Hər iki ildən bir biz bura toplaşacağıq. Məsələ ondan ibarət deyil ki, biz bir günün içində bu teatr konfransından səmərə umaq. Bu səmərə gələcəkdə olacaq. Çünki bu, insanların içində əriməlidir, insanların beynində əriməlidir, ondan sonra bir nəticə verməlidir. Amma bu konfransın ən başlıca səmərəsi ünsiyyət səmərəsidir. Müxtəlif insanlarla, müxtəlif ölkələrin sənətçiləri ilə, teatr düşüncəsi ilə tanış oluruq və gələcəkdə bu konfrans daha peşəkar olacaq, daha dərin olacaq, daha məhsuldar olacaq. 
   
   Zega Ligiero,
   Beynəlxalq Teatr İnstitutunun əməkdaşı (Braziliya):
   
   - İlk dəfədir ki, Bakıdayam. İstər yerli, istərsə də xarici teatr mütəxəssisləri ilə görüşlər mənim üçün maraqlıdır. Konfrans həm də mədəni müxtəlifliklərin, mədəniyyət sənayesinin bir araya gəlməsidir. Belə bir ortamda yaradıcı müzakirələrin aparılması çox gözəldir. Teatr adamları olaraq biz hər birimiz yenilikləri, fikir mübadiləsini sevirik. Və hər birimiz düşünürük ki, bərabər imkanlarımızı ortaya qoymaqla daha yaxşı olmalıyıq. Ortaya çıxan yeni texnologiyalara da çox tez yiyələnmək lazımdır. Hər bir mədəniyyət mühümdür və onu öyrənmək lazımdır. Mən Azərbaycan teatrı haqqında az məlumatlıyam. Ümid edirəm ki, ölkənizin teatrını da görmək və öyrənmək imkanlarım olacaq.
   
   Laşa Çxartişvili,
   Batumi Teatrının bədii hissə müdiri (Gürcüstan):
   
   - Konfransda ilk dəfədir iştirak edirəm. Lakin Bakıda tez-tez oluram. Sizin şəhəri, həmçinin mədəniyyətinizi çox sevirəm. Sevindirici haldır ki, dövlətiniz teatra dəstək verir. Konfrans çərçivəsində Bakıya gələnlər dünya teatr aləmində kifayət qədər tanınmış insanlardır. Onların maraqlı mövzularda çıxışları olur. Bu, mübadilə üçün imkan yaradır. Son illər Azərbaycan teatrında inkişaf da göz qabağındadır. Azərbaycan teatrını bəyənirəm. Həm kukla teatrında tamaşalara baxmışam, həm də Akademik Milli Dram Teatrının tamaşalarına. Bu səfərimdə “Yuğ” Teatrına getməyi planlaşdırmışam. Onu da qeyd edim ki, dünyada keçirilən festivallarda iştirak etdiyiniz zaman sizin tamaşalara baxıram. Əminliklə deyə bilərəm ki, inkişaf var. Bu cür konfransların, festivalların keçirilməsi də birbaşa həmin inkişafa xidmət edir. 
   
   İlham Rəhimli,
   sənətşünaslıq doktoru, professor:
   
   - Azərbaycan mədəniyyətini dünyada tanıtmaq, Azərbaycan incəsənətinin dünyada mənzərəsini yaratmaq baxımından belə beynəlxalq konfransların xüsusi əhəmiyyəti var. Dünyanın bir sıra ölkələrindən gələn mütəxəssislərlə fikir mübadiləsi aparmaq olduqca maraqlıdır. Bir neçə məruzəyə qulaq asdım. Adi informatik yükü olan məruzələrlə yanaşı, nəzəri cəhətdən düşündürücü məruzələr də var.
   Söhbət zamanı inteqrasiya məsələlərindən də danışdıq. Mən bu məsələyə öz münasibətimi bildirdim. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, yüzə yaxın millətin mindən çox əsərini tamaşaya qoyub. Bu çox böyük hadisədir. Mən postsovet məkanında yaşayan dramaturqları da nəzərdə tuturam. Teatr xadimləri ilə söhbətlərimdə də bu məsələyə toxundum ki, necə olur, biz Yaponiyadan tutmuş Braziliyaya qədər bütün xalqların tanınmış yazıçılarının əsərlərini tərcümə edib tamaşaya qoyuruq, ancaq sizin Azərbaycan dramaturgiyası haqqında məlumatınız azdır. Etiraf etdilər ki, haqlıyam. Ancaq biz özümüz də çalışmalıyıq ki, klassiklərimizin, eləcə də çağdaş dramaturqlarımızın ən maraqlı əsərlərini dünya dillərinə tərcümə eləyib dünya xalqlarına çatdıraq. Mənə elə gəlir ki, bu gün dünya xalqları üçün Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev də, müasir dramaturqların əsərləri də maraqlı ola bilər.
   Düşünürəm ki, konfransdan sonra teatrşünaslar, teatr ictimaiyyəti yığılıb konfransda deyilən bütün səmərəli fikirləri müzakirə edib gələcək yaradıcılıq planlarına daxil etməlidir. 
   
   İbrahim Əssiri,
   Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi (Səudiyyə Ərəbistanı):
   
   - Bu mənim Bakıya üçüncü səfərimdir. İki il əvvəl I Bakı Beynəlxalq Teatr Konfransında, ötən il Beynəlxalq Kukla Teatrı Festivalında iştirak etmişəm. Ümid edirəm ki, hər kəs II Bakı Beynəlxalq Teatr Konfransından zövq alacaq. Bu konfrans bütün iştirakçı mütəxəssislərə böyük təcrübə verəcək. Eyni zamanda belə tədbirlərlə yeni-yeni yanaşmalar əldə edirik. Bakının bu cür mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi yaxşı bir haldır və ölkəniz bunun öhdəsindən çox gözəl gəlir. Məsələn, Bakıda Beynəlxalq Kukla Teatrı Festivalının ilk dəfə keçirilməsinə baxmayaraq, tədbir çox uğurla baş tutdu. İnanıram ki, budəfəki konfrans da yaddaşlarda böyük iz qoyacaq.