Kşiştof Zanussi: “Əgər izləyici səhnə əsərinə baxdıqdan sonra kamilləşirsə, onun təsirindən çıxmaq istəmirsə, onda tamaşanın uğurundan danışmaq olar”
   
   II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində dünyanın tanınmış sənət adamlarının iştirakı ilə maraqlı seminarlar da keçirilir. Noyabrın 4-də Milli Dram Teatrında təşkil olunmuş seminarın qonağı dünya şöhrətli Polşa rejissoru, dramaturq və ssenarist Kşiştof Zanussi idi. Öncə Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov çıxış edərək qonağı təqdim etdi, onun teatr və kino fəaliyyəti barədə qısa məlumat verdi.
   
   Kşiştof Zanussi dramaturgiya mövzusuna həsr olunan seminarda öz yaradıcılıq təcrübəsindən danışdı, kino ilə teatrı müqayisəli şəkildə təhlil etdi. Sənət adamı kimi daha çox kinoya bağlı olduğunu deyən qonaq, eyni zamanda tamaşaçı kimi teatrda tərbiyə aldığını, səhnənin onun üçün hər zaman cəlbedici olduğunu vurğuladı: “Teatr səhnəsi sehrli bir aləmdir”.
   Teatr və ədəbiyyatın bağlılığından söhbət açan qonaq bildirdi ki, əgər izləyici səhnə əsərinə baxdıqdan sonra kamilləşirsə, onun təsirindən çıxmaq istəmirsə, onda tamaşanın uğurundan danışmaq olar. Rejissorun aktyorla iş prosesinin çətinliyindən danışan sənətkar canlı ünsiyyəti hər zaman saxlamağın vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, şəxsən özü canlı ünsiyyətə nail olmaq üçün, adətən, işlədiyi aktyor heyətini evinə dəvət edir, onlarla bir yerdə yaşayır və bu prosesdə də tamaşanı qurur. Əgər kinoda aktyor seçimi olduqca vacibdirsə, teatrda önəmli olan rejissorun aktyorla işləməsidir. Çünki kinoda aktyorun temperamenti önəm kəsb edir.
   Rejissor hər bir yaradıcı insan üçün sənətə vurğunluğun mühüm amil olduğunu bildirdi: “Heç nəyə baxmayaraq məşğul olduğumuz sənəti sevməliyik. Yorulduğumuzda tez-tez təkrarlamalıyıq ki, biz insan problemini araşdırmaqla məşğuluq, bu, bəşəriyyətin ən önəmli məsələlərindən biridir. Elmi-texniki sahə nə qədər inkişaf etsə, insanların canlı ünsiyyətə ehtiyacı bir o qədər artacaq. Bu baxımdan teatrın gələcəyinə inanıram”.
   Sonra seminar müzakirələrlə davam etdirildi. Qonaq iştirakçıların suallarını cavablandırdı. Romanın səhnələşdirilməsi, rejissorun iş üslubu, gələcək planlar və digər məsələlər müzakirə edildi.
   Xatırladaq ki, “Kristalın strukturu”, “Qoruyucu rənglər”, “İllüminasiya”, “Konstans”, “Persona non qrata”, “Qara günəş”, “Təkrar vizit” və s. dünya kino tarixində yer alan filmlərin müəllifi olan K.Zanussi çoxsaylı beynəlxalq müsabiqələrin qalibidir. O, teatr rejissoru kimi də tanınıb. Polşa, İtaliya, Fransa, Almaniya və Rusiya teatrlarında 20-dən artıq tamaşa səhnələşdirib.
   
   Reyhan